“Səmimi” keçən azsaylı erməni mitinqi…

Yadınızdadır, o vaxt mən erməni xalqının necə "yenilməz" bir xalq olduğu barədə sizlərə demişdim. Amma siz mənə inanmaqda tərəddüd edirdiniz. Mən deyəndə ki, vaxtilə bu xalq üçün deyilən "erməni qan görüb" deyimi artıq əhəmiyyətini itirib. Yenə də inanmırdınız. Bax, budur, yenə erməni "vətənsevərləri" İrəvanın lap göbəyində Baqramyan prospektində növbəti mitinqini keçirdi. Bəli, məhz qısa zaman kəsiyində keçirdi. Təbii ki, mitinqin az çəkməsinin də tək bir səbəbi var ki, bunu sonraya saxlayaq.

Sizi inandırıram ki, qorxu hissi deyilən bir məfhum bu millətə yaddır. Doğrudur, bir necə gün əvvəl Vazgen Manukyan şənbə günü böyük bir mitinq keçirəcəklərini bəyan edib, bütün erməniləri ora dəvətli etsə də, amma nədənsə dünən bu mitinqə xeyli az erməni gəlmişdi. Əslində, onları qınamaq da olmaz. Gərgin beş günlük iş həftəsindən sonra yorulublar yəqin…

Doğrudur, ermənilərin baş himayədarları olan ruslar dörd günlük iş həftəsinə keçməyə hazırlaşsalar da, amma belə görünür ki, onlar bunu ermənilərə tətbiq etməyə hələ ki, tələsmirlər.

Nə isə, qayıdaq mitinqə. Deməli, dinc və çox səmimi tərzdə keçən mitinq zamanı, "yoldan keçən ermənilərdən hansısa" Paşinyan tərəfdən qonşu binaların üstünə snayperlər yerləşdirildiyi barədə "yalan" bir məlumat yayıb.

Deyilənə görə, "yalan xəbəri" yayan "təxribatçı" barədə Vazgen Manukyanda o qədər də dəqiq olmayan mənbələrdən elə o qədər də dəqiq olmayan məlumat var. Belə ki, o, dəqiqliyinə hələ ki, zəmanət verməsə də, yalan xəbərin "Karyak Media"-nın həmtəsisçisi Arman Saqatelyan tərəfindən deyildiyini ehtimal edib.

Təbii ki, siz mitinqdəki ermənilərin snayperlərdən qorxub, elə o dəqiqə də aradan çıxdıqlarını düşünməyin. Əslində, ermənilər "uzaqgörən" xalqdır, amma Baqramyan prospektindəki binalar bir-birinə çox yaxındır deyə, onlar bu snayperləri görə bilməyiblər.

…Qeyd edək ki, bundan sonra Baqramyan prospektində tək qalacağından qorxan Vazgen Manukyan dinc və çox səmimi tərzdə keçən mitinqi qapamaq məcburiyyətində qalıb.

…Sən də soruşursan ki, ermənilərin bugünkü mitinqinə niyə belə az adam gəliblər…

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...