AİB Tacikistan iqtisadiyyatının inkişafına 178 milyon dollar sərmayə qoyur

Asiya İnkişaf Bankı (AİB) “Energetika bölməsinin inkişaf Proqramı” çərçivəsində Tacikistanın energetika bölməsinin inkişaf etdirilməsinə 105 milyon dollar sərmayə qoyur.

SİA Tacikistan mətbuatına istinadla xəbər verir ki, bu vəsait ölkənin energetika bölməsində islahatlar aparılmasına, Düşənbə, Kanibadam, İsfara, İstaravşan, Danqara və digər şəhərlərdə elektrik şəbəkələrinin yenidən qurulmasına, 400 min elektrik sayğacının, 264 güclü transfarmatorun alınmasına yönəldiləcək.

Bundan başqa, Asiya İnkişaf Bankı “Yol şəbəkəsinin davamlılığı” Proqramı çərçivəsində Temurmalik rayonunun yol şəbəkəsinin yenidən qurulmasına təmənnasız olaraq 73 milyon dollar ayırıb.

Tacikistan parlamentinin dünən keçirilən iclasında bununla bağlı Asiya İnkişaf Bankı ilə ölkə hökuməti arasında imzalanan saziş təsdiq edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə