Papadan Iraq türkmənlərinə qarşı laqeydlik

Beləliklə, bu gün- martın 5-də Katolik dünyasının lideri Papa Fransisk İraqa üçgünlük səfərə gəlir. Xatırladaq ki, dini lider hələ 2019-cu ildə bu ölkəyə səfər etmək niyyətində idi. Ancaq pandemiya onun bu planının həyata keçirilməsinə mane oldu. 2000-ci ildə də Papa Fransiskinin İraqa səfər etmək arzusu o zamankı hökumət ilə aparılan uğursuz danışıqlar səbəbindən ləğv edildi.

Nəhayət, Katolik dünyasının liderinin İraq səfəri, deyildiyi kimi, bu gün reallaşır. Qeyd edək ki, Papa Fransiskin səfər ərəfəində verdiyi mesaj İraqın etnik quruluşunun təməl elementi olan Türkmənlərin qəzəbinə səbəb olub. Belə ki, Papanın səfərlə bağlı kürd, ərəb və assur dillərində verilən mesajı, nədənsə, Türkmən dilində verilməyib. Məhz buna görə də, İraq Türkmən Cəbhəsinin sözçüsü Mehmet Seman Katolik dünyasının ən yüksək səviyyəli şəxsiyyətinin mövqeyini qalmaqallı olaraq xarakterizə edib.

Semanın sözlərinə görə, etnik və dini mənada ermənilərə, assuriyalılara, ərəblərə və kürdlərə salam verən Papa Fransisk, nədənsə, türkmənlərə məhəl qoymayıb.

Xatırladaq ki, bu gündən-martın 5-dən başlayan səfər çərçivəsində Papa ilk olaraq Bağdadı ziyarət edəcək. Onun növbəti gedəcəyi yerlər Ən-Nəcəf və Ur şəhərləri olacaq. Nəcəfdə Papanın şiə ruhani lider Əli Sistani ilə görüşəcəyi bildirilir. Sonradan yezidilərlə görüşəcək dini liderin Erbil, Mosul və Karakuşu da gedəcəyi gözlənilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...