İqtisadiyyatçıya sayqısızlığın cavabı

Ermənilərin bir deputatı var, Mikayel Melkumyan, alababat bir iqtisadçıdır. Vaxtilə küyə düşüb özünü verib “Çiçəklənən Ermənistan” partiyasına. Bir müddət əvvəl bu partiyanın ölkədə hakimiyyətə gələcəyinə böyük ümidlər vardı. Amma neyləyəsən ki, fələyin çərxi döndü və “Mənim addımım” kim saxta bir fraksiyanı Ermənistanda hakimiyyətə gətirdilər. İndi də, bunun əzabını “məzlum, əzabkeş” ermənilər çəkirlər. Təbii ki, həyatdır, hər şey ola bilər. Amma bu gün Mikayelin ermənilərə “Ermənistan iqtisadi, sosial və maliyyə çöküşünə doğru addım-addım irəliləyir” deməklə, nə istədiyi, yəni bunun nəyə hesablandığı mənə çatmır.

Bəlkə bununla o, ermənilərə rəhbər seçimində yanıldıqlarını anlatmaq istəyir. Yəni demək istəyir ki, o vaxt Qaqik Tsarukyana səs verib bizi hakimiyyətə gətirsəydiniz indi bu günə düşməzdiz. Özünüz də gündə ləbləbi yeyib, süd gölündə üzürdünüz. Sözə bir bax!

İnanın ki, mən buna zərrə qədər də inanmıram. Çünki ermənilərin gopa basmağı adnandır. Nə isə, SİA yenə də ermənilərin özlərinə istinad edəcək.

Beləliklə, görün uğursuz iqtisadçı daha sonra nə deyir. Deyir ki, ay erməni qardaşlarım, siz indi mənim dediklərimə ciddi önəm vermirsiniz. Amma bu, çox vacib bir problemdir. Dövlətin təhlükəsizliyinin təmin edilməsnin əsas prinsiplərindən biri məhz iqtisadi təhlükəsizlikdir.

Təbii ki, Sizi bilmirəm, amma mən Mikayelin bu fikirlərinin kimdənsə oğurladığına yüz faiz əminəm. Bunlar öz yerində, amma, görün, bu hakimiyyətə gələcəkləri təqdirdə Ermənistanda nazirliklərdən birinin başına keçmək niyyətini gizlətməyən Melkumyan nə deyir. Deyir ki, bu gün ölkədə Ümumi Daxili Məhsulda azalma təxminən 12 faiz təşkil edir. Deyir ki, ölkə buna görə, qalaq-qalaq dollar itirir. Guya, nə bilim, bu gün ölkədə ümumi siyasi bir böhran var. Daha nə bilim, iş proqramları həyata keçirilmir. İnsanlar, hələ ki, təəccüblə baxıb gözlərini döyüb, gedişatın sonunu gözləyirlər. Belə gedişatla son da hələ görünmür.

Amma bundan sonra Melkumyan artıq bir az ciddiləşir, ölkənin uçuruma doğru sürüşdüyünü, bunun nəticəsində insanların daha da kasıbladığını, dramın dollara nisbətdə 10 faizə yaxın ucuzlaşdığını, maaşların artmadığını, əksinə qiymətlərin artdığını bildir.

Sizi bilmirəm, amma mən Melkumyanın bu tənqidi yanaşmasında onun Paşinyan hökumətindən küskünlüyünü sezdim. Təbii ki, Paşinyan kimi, birisinin belə bir iqtisadçını ölkə iqtisadiyyatının inkişafına yönəltməməsi, doğrudan da, böyük günahdır. Vaxtilə, Paşinyanın ölkədən kənarda Abel Aqambekyana, nə bilim Daron Adjemoğluna müraciət edib onlardan erməni iqtisadiyyatını qaldırmaq üçün kömək istəməsi, təbii ki, Nikol tərəfindən Mikayel Melkumyan kimilərinə qarşı “haqsızlıq”dır. Mikayel kimi bir iqtisadçını “sındırmaqdır”.

... Mən Mikayel Melkumyanın bu açıqlamalarına ermənilərin gələcək rəhbər seçimində böyük önəm verəcəklərini istisna etmirəm.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə