Ersin Tatarın Avropa Birliyi təmsilçisi ilə görüşünün vaxtı açıqlanıb

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Avropa Birliyi Xarici əlaqələr və təhlükəsizlik siyasəti yüksək təmsilçisi Josep Borrell Fontellesi qəbul edəcək.

SİA xəbər verir ki, görüş bu həftənin cümə günü yerli vaxtla saat 14.30-da baş tutacaq.

Prezident sözçüsü Dr. Berna Çelik Doğruyolun açıqlamasına görə, nəzərdə tutulan görüşdə Avropa Birliyi ilə əlaqələrlə yanaşı, ölkənin istehsal etdiyi helium və peyvənd məsələləri də müzakirə olunacaq.

Qeyd edək ki, ŞKTC-nin Xarici işlər naziri Tahsin Ertuğruloğlu dünən Birləşmiş Millətlər Təşkilatı Baş katibinin Siyasi İşlər və Sülh Quruculuğu Məsələlərindən məsul köməkçisi Rosemary Di Carlo və Sülhməramlı Əməliyyatlardan məsul köməkçisi Jean-Pierre Lacroix ilə video-konfrans formatında görüşüb.

Ertuğruloğlu 27-29 aprel 2021-ci il tarixlərində Cenevrədə keçiriləcək 5 + BMT-nin qeyri-rəsmi iclasından əvvəl ŞKTC-nin mövqeyini həmsöhbətlərinə çatdırıb.

Nazir həmsöhbətlərinə 5 + BMT formatında keçirilən qeyri-rəsmi görüşün məqsədinin tərəflər arasında ortaq zəminin olub-olmadığını müəyyənləşdirmək olduğunu ifadə edərək, ŞKTC-nin görüşə konstruktiv təkliflə münasibətlə qatılacağını vurğulayıb.

Ertuğruloğlu Jean-Pierre Lacroix ilə görüşü zamanı Birləşmiş Millətlər Sülhməramlı Qüvvələrinin ölkədəki fəaliyyəti barədə fikirlərini xüsusi qeyd edib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə