Zatulinin cibxərcliyi həsrəti...

“Ermənistan bu gün yenidən çox ciddi təhlükə ilə üzləşib. Mənə elə gəlir ki, onu vətəndaş müharibəsinə sövq edirlər”.

Bunu ötən gün Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini, ermənilərin “cib qardaşı” Konstantin Zatulin, ermənilərin digər “cib qardaşı” Vladimir Solovyovun televiziya şousunda deyib.

SİA erməni mənbələrinə istinad edir.

Bu gün Ermənistanda vəziyyət, türklər demiş, çox kötüdür: ordu, prezident, Katolikos, Elmlər Akademiyası, aparıcı universitetlər, diaspor strukturları, Rusiyanın erməni iş adamları, onlarla partiya, yüzlərlə ictimai təşkilat, bir sıra yerli idarəetmə orqanları, yaradıcı strukturlar, yüz minlərlə insan və daha nə bilim kimlər Paşinyandan istefa tələb edirlər. O isə tutduğunu buraxmayan kor kimi, getmir ki, getmir.

Amma mənə elə gəlir ki, yoldaş Zatulin deyəndən sonra Nikol artıq düşünməyə başlayacaq. Axı. Zatulin ermənilər üçün elə-belə adamlardan biri deyil, o boyda “Lazarev klubu”nun hörmətli simalarından biridir. Özü də onun Nikola ünvanladığı bu çağırışı məhz Vladimir Solovyovun verlişindən etməsi çağırışa xüsusi hörmətə mindirir. “Nikol Paşinyana bildirdim ki, sədaqət and içdiyin respublikanın taleyi üçün heç olmasa bir damla məsuliyyət daşıyırsansa, hakimiyyəti tərk etməlisən”. Daha adama nə deyərlər? Doğrusu, Paşinyanın yerinə danışmaq hüququm olmasa da, amma Zatulin tərəfindən buna bənzər təklif mənə edilsəydi, inandırıram sizi, mən yaşadığım ailəvi yataqxananı belə tərk etməyə hazır olardım.

Amma bütün bunlara baxmayaraq, düşünürəm ki, bu gün Ermənistanda baş nazir olmaq istəyənlərin ən çox qorxusu Nikolun təşkil etdiyi son mitinqə yığılan ermənilərin çoxluğu ilə bağlıdır. Ona görə də, Ermənistanda hakimiyyətə can atanlar bu mitinqi aşağılamaq üçün dəridən-qabığdan çıxırlar. Kimi bu mitinqi bir aktyorun tamaşası, kimi də can verən aktyorun xəyal qırıqlığı kimi qələmə verməyə çalışır. Axı, bu “binəva” Paşınyan nə deyir? Deyir ki, ay erməni qardaşlarım, erkən seçkilər istəmirsiniz, mən getməyə razıyam. Əgər xalq mənim istefamı tələb edirlərsə, mən onlara belə bir fürsəti verirəm: “Gəlin seçkilərə gedək, görək xalq kimin istefasını tələb edəcək”. Şəxsən mənə çatmır, əgər bunları Nikol deyib, Ermənistanda yeni baş nazir olmaq istəyənləri erkən seçkiyə çağırırsa, bu halda niyə Vazgenlər, Robertlər, Serjiklər və daha nə bilim baş nazir olmaq istəyən digərləri bunu tərəddüdlə qarşılayırlar?

Maraqlıdır ki, Ermənistanda hakimiyyətə can atan ermənilərin hamısı əminliklə Paşinyanın mitinqinə gələnlərin Nikol tərəfindən “zombiləşdirildiklərini” iddia etmələridir. Mənə elə gəlir ki, onları qorxudan da erkən seçkilərə gələn ermənilərin Paşinyan tərəfindən “zombiləşdirilməyəcəklərinə” zəmanətin verilməməsidir. Doğrudan da, nə qədər də olsa, o da ermənidir axı. Elə ondan da nə desən gözləmək olar.

...Əslində, bütün bunlar mənim üçün elə də bir önəm kəsb etməsə də, mən yoldaş Konstantin Zatulinin halına açıyıram. Çünki Ermənistandakı bugünkü yiyəsizlik Zatulinin ermənilərdən tulapayı qismində qopardığı beş-altı manat cibxərcliyindən məhrum edib.

...Bircə Ermənistanda işlər yoluna düşsəydi...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə