Qasparyanla Serj Sarkisyan arasında baş tutan telefon danışığının təfərrüatı üzə çıxıb

Dünən Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan bir neçə ay əvvəl silahlı qüvvələrin baş qərargah rəisi Onik Qasparyanla sabiq prezident Serj Sarkisyan arasında baş tutan telefon danışığını açıqlamışdı.

SİA xəbər verir ki, “Qraparak” erməni qəzeti məsələnin təfərrüatlarını dərc edib.

Bildirilib ki, Milli Təhlükəsizlik Xidməti tərəfindən dinlənilən telefon danışığı dekabr ayında baş tutub: “Onik Qasparyan 2020-ci ilin dekabrında Serj Sarkisyanla söhbət zamanı baş nazir Nikol Paşinyanı tənqid edib və onun tərəfdarı olmadığını bildirib. Bu söhbət Ermənistanın baş naziri Nikol Paşinyanın Sünik bölgəsinə gedişi zamanı qeydə alınıb.

Qasparyan Sarkisyana 19 dekabrda - Paşinyan bölgəyə getməzdən əvvəl Sünikdə olduğunu bildirib. 20 dekabrda bölgə sakinlərinin Paşinyanı Sünikə buraxmayacağı niyyəti artıq məlum olub. Lakin Paşinyan deyib ki, 21 dekabrdakı səfərinə heç bir şey mane ola bilməz. Bu səbəbdən məsələni yalnız təhlükəsizlik qüvvələri həll edə bilər. Baş nazirin bölgə səfərinin şəxsən Qasparyana tapşırılması da onu hiddətləndirib. Qasparyan o qədər əsəbiləşib ki, Sarkisyanla söhbət etmək üçün birbaşa əlaqə vasitəsindən istifadə edib və hirslə deyib: “Səfərlə əlaqəm yoxdur, bunu necə edim?” Daha sonra Paşinyanın qulluqçusu olmadığını deyib. Bu söhbət də Milli Təhlükəsizlik Xidməti tərəfindən qeydə alınıb".

Baş Qərargah rəhbərinin bu qədər zəif bir vəzifəni öz üzərinə götürməsi Serj Sarkisyanı da təəccübləndirib.

Xatırladaq ki, Paşinyan Qasparyanı istefaya göndərib. Amma prezident Armen Sarkisyan fərmanı hələ imzalamayıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə