Deyirəm, rus olanda, nə olar, Vasili Lvoviç Veliçkoya da sonradan erməniləri yaxşı tanıdığına görə, o biri dünyası üçün "rəhmət" deməyə dəyər. Çünki vaxtilə o yazırdı ki, hər cür bəhanə ilə hay-küy qoparmaq qabiliyyətinə malik olan ermənilər "zibilləri"nin üstü açılanda dünənədək onlara qahmar çıxıb sonradan səhvlərini anlayanları da təhqir etməkdən, yamanlamaqdan çəkinmirlər.
Beləliklə, emənilərin bugünkü hədəfi Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskidir. Bəli, dünənədək ermənilərin təqdir etdikləri Jirinovski. Maraqlıdır, görən, rusiyalı partiya sədri ermənilərlə bağlı hansı bir səhvə yol verib?
SİA bu barədə elə erməni mənbələrinə istinad edir.
Ermənilərə görə, əvvəllər Jirinovski rəsmi Bakı ilə bağlı "düzgün və ədalətli" fikirlər söyləyərək, Ermənistana qarşı "ədalətli mövqe" nümayış etdirirmiş. Lakin onun Bakıya səfəri zamanı azərbaycanlılar onu "sındırıblar". Məhz buna görə də, Jirinovski indi ermənilərin "haqq işləri" barədə əvvəlki fikirlərini "danır". Maraqlıdır ki, ermənilər Jirinovskinin bu əməllərini onun Kremlin ermənilərə qarşı "əsl siması" kimi təqdim edirlər.
Xatırladaq ki, bir müddət bundan əvvəl "Komsomolskaya Pravda" radiosunun efirində Rusiya Liberal Demokrat Partiyası lideri Ermənistanın Rusiyanın bir hissəsinə çevirməklə, ona İrəvan quberniyası statusu verilməsini bəyan etmişdi. Ermənilərə görə, Jirinovski bunu təklif kimi yox, sərt və inadkar ultimatum şəklində tələb edib.
Əslində, deyən gərək, ay erməni, onsuz da həm təklifsiz, həm də elə tələbsiz bu belədir də. Məgər, bu gün Ermənistan Rusiyanın ucqar bir quberniyası deyilmi? Bu gün siz bizə Ermənistanda ermənilərə məxsus olan aparıcı bir sənaye sahəsi göstərin. Təbii ki, göstərə bilməyəcəksiniz. Çünki bu gün onların bəzi istisnalarla, əksəriyyəti rusların nəzarətindədir.
Qayıdaq, yenidən ermənilərin Jirinovski ilə bağlı dediklərinə. Ermənilərə görə, sən demə, 44 günlük müharibə ərzində rusların erməni ordusuna köməyə gəlməməsinin əsl günahkarı da elə Jirinovski imiş.
Əslində, mən burada günahkar kimi elə ermənilərin özlərini görürəm. Çünki onlar "məğlubedilməz erməni ordusu" barədə o qədər mədhiyyələr demişdilər ki, buna lap elə dünyanın da inanmağına az qalmışdı. Yadımdaykən onu da deyim, sonra yaddan çıxar: deməli, indi də ermənilər müharibədəki biabırçı məğlubiyyətlərini rusların onlara "satdığı" yararsız, keyfiyyətsiz silahla əlaqələndirirlər.
Doğrudur, hələ ki, bu istiqamətdə gəlib Jirinovskiyə çatmayıblar. Amma "tədqiqatlar" gedir. Bunlar ermənidirlər, "tədqiqat" gedirsə, deməli, əvvəl-axır nəsə tapacaqlar.
...İndi ermənilərin qarşısında bir sual durur: nə etməli? "Burada hər şey sadədir. 2005-ci ildə Jirinovski Qazaxıstan xalqını təhqir etdikdən sonra, bu ölkənin prokurorluğu onu "istənilməyən şəxs" elan etdi. Düşünürəm ki, Rusiya Liberal Demokrat Partiyasının lideri hazırkı və bir çox əvvəlki açıqlamaları ilə Ermənistanı, onun "vətənpərvər" xalqını təhqir edib. Buna görə, o da Ermənistanda ona "istənilməyən şəxs" elan edilməlidir. Artıq Kremlin əlaltılarına sərt dişlərinizi göstərməyin vaxtı çatıb". Bu, əsl erməni ultimatumudur. Mən düşünürəm ki, onlar heç bir güzəştə getməyəcəklər. Elə Sizləri də belə düşünməyə çağırıram.
...Hə, indi bundan sonra nəinki, Jirinovskinin, hətta Kremlə bağlı digərlərinin də "qara günləri" başlayır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə