Yaxınlarda daha bir neçə rus səlahiyyətlisinin Avropa Birliyinə girişi qadağan ediləcək. SİA dünya mediasına istinadən xəbər verir ki, onların Avropa banklarındakı fondlarının dondurulacağı da istisna edilmir.

Qeyd edək ki, Avropa Birliyinin xarici işlər nazirləri bu addımı Rusiya məhkəməsinin müxalifətçi Aleksey Navalnıya üç il yarım həbs cəzası verməsinə cavab olaraq atıblar.

Maraqlıdır ki, Danimarka Beynəlxalq Araşdırmalar İnstitutunun Rusiya üzrə mütəxəssisi Flemminq Splidsboel Hansen yeni sanksiyaların Putinin davranışlarına böyük təsir edəcəyini istisna etməyib.

Sanksiyaya məruz qalan rus səlahiyyətlilərinin daha Parisə və ya Amsterdama gələ bilməyəcəklərini diqqətə çatdıran danimarkalı mütəxəssis bununla belə, onların Putinə qarşı çıxmayacaqlarını da gizlətməyib. Onun fikrincə, bu sanksiyaların ehtiva edə biləcəyi utanc elementi bu insanlar üçün heç bir məna kəsb etmir.

Bununla belə o, yeni sanksiyaların uzunmüddətli perspektivdə siyasi təsirləri ola biləcəyinə də əminlik bildirib: “Putinin qonşu ölkəni -Ukraynanı işğal edib yerli əhalini kimyəvi silahla öldürməyə çalışır. Avropa isə dialoq aparmaq lazım olduğunu israr etməyə davam edir. Ruslarla dialoq artıq ölüb”.

Qeyd edilməlidir ki, bu fikirləri səsləndirən Danimarka Xarici İşlər Naziri Yeppe Kofod Rusiyaya qarşı daha sərt bir kursun ən sadiq tərəfdarlarından biri kimi tanınır.

Yeri gəlmişkən bildirək ki, bu gün də Baltikyanı və Şərqi Avropa ölkələri ruslara qarşı əlavə sanksiyalar ideyasını fəal şəkildə təbliğ edirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə