Bu günlərdə Amerika nəşrlərindən birinə müsahibə verən Suriya prezidenti Bəşər Əsəd ölkəsinin nə qədər çətin vəziyyətdə olduğunu dilə gətirərək, yaranmış vəziyyətdə özünün də gücsüz olduğunu etiraf edib. Maraqlıdır ki, nəşr əməkdaşı Əsədin etirafını onun “depressiyaya” düşə bilməsi ilə əlaqələndirib.

SİA xarici mətbuat xülasəsinə istinad edir.

Hər şeydən əvvəl xatırlatmaq yerinə düşər ki, bir neçə il əvvəl Suriya prezidenti döyüş meydanında qazandığı uğuru öz hakimiyyətini gücləndirmək üçün ən vacib addım hesab edirdi. Onun buna nə dərəcədə nail olduğu bu gün artıq göz önündədir.

Qeyd edək ki, hazırda ölkə ərazisinin yalnız 65 faizinə nəzarət edə bilən Suriya rəhbərinin bu gün qarşılaşdığı ən böyük təhlükə iqtisadi böhranla bağlıdır. Maraqlıdır ki, Əsəd ölkəsinin qarşılaşdığı mövcud vəziyyətdən çıxış yolunu tapmaqda çətinlik çəkdiyini, ümumiyyətlə, tapa bilməyəcəyini açıq şəkildə etiraf edib.

Əslində, Suriya prezidentinin etirafını ölkədəki yaşamla bağlı reallıqlar da təsdiq edir. Bu gün Suriyanın milli valyutası-lirə xeyli çöküb, zəruri malların qiymətləri artmaqda davam edir və ən əsası artıq ölkədə çörək qıtlığı müşahidə edilməkdədir.

Maraqlıdır ki, bütün bunları Amerikanın “The New York Times” nəşrinə danışan Bəşər Əsəd qarşılaşdığı hazırkı böhranın həlli ilə bağlı konkret yollar tapmaqda çətinlik çəkdiyini nəşr əməkdaşından da gizlətməyib.

Silahlı qruplar və ya xarici qüvvələr tərəfindən elə də təhdid edilmədiyini bildirən Suriya rəhbərini ən çox qorxudan bu gün ölkədə qalan 9 milyondan artıq iraqlının qida çatışmazlığı ilə üzləşə bilməsidir.

Təsəvvür edin, bu gün Suriya lirəsı qara bazarda dollara nisbətdə tarixin ən aşağı səviyyəsinə enib ki, bu da ölkədə maaşların aşağı düşməsinə və idxal olunan malların qiymətlərinin artmasına səbəb olub. Təkcə ərzaqların qiymətləri ötən illə müqayisədə iki dəfədən çox artıb. Bu gün ölkədə elektrik çatışmazlığı davam edir, yemək bişirmək üçün yanacaq tapılmır, çörək üçün düzülən növbələr “göz oxşayır”. Bütün bunlarla yanaşı, ölkənin səhiyyəsi də yox olmaq üzrədir.

Belə ki, vaxtilə Suriyada yaxşı qazanc əldə edən həkimlər bu gün elə bil qeybə cəkiliblər. Çünki məvacib kimi dövlətdən aldıqları 50 dollar artıq onları qane etmir. Onlar daha yaxş həyat axtarışı üçün ölkəni tərk edirlər.

Bu gün Əsədin vəziyyətini çətinləşdirən amillərdən biri də, təbii ki, onun əsas müttəfiqləri olan Rusiya və İranın artıq ona humanitar yardım göstərə bilməməsidir. Çünki hər iki dövlət həm Qərbin tətbiq etdiyi sanksiyalar, həm də koronavirusun nəticələrinə görə özləri resurs çatışmazlığı ilə üzləşiblər. Maraqlıdır ki, Rusiyanın Suriyadakı səfiri Aleksander Yefimov da bu günlərdə suriyalıların sosial-iqtisadi vəziyyətinin son dərəcə çətin olduğunu etiraf edib.

Maraqlıdır ki, bu gün BMT və dünyanın bir çox digər humanitar təşkilatları suriyalıların aclıqla üzləşdiklərini bəyan etsələr də, lakin hələ ki, bu istiqamətdə konkret addımlar atmayıblar. Reallıq isə budur ki, 9 milyondan çox Suriya vətəndaşı real aclıqla üz-üzədir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə