Səddamın qızının qayıdışının arxasında nə dayanır?

Səddamın qızının qayıdışının arxasında nə dayanır?

Bu yaxınlarda mərhum İraq liderinin qızı Raqad Səddam Hüseyn İraq bayrağı və gerbi ilə “bəzədilmiş” qara paltarda Səudiyyənin “Əl-Ərəbiyyə” televiziya kanalına müsahibə verib. SİA xəbəri xarici mətbuata istinadən verir.

Maraqlıdır ki, 15 ildir ki, kölgədə qalan birinin qəfil görünməsi mütəxəssislər arasında aktiv müzakirə mövzusuna çevrilib. Raqadın bu addımının İraqın daxilində və xaricində, xüsusən də, qonşu İranda baş verəcəyi nəticələrə dair bir çox suallar doğurub.

Qeyd edək ki, Raqad Səddam Hüseyn heç vaxt siyasi xadim kimi tanınmasa da, onun müxtəlif informasiya platformalarındakı çıxışı ciddi siyasi mübahisələrə səbəb olub. Təbii ki, bu onun sabiq lider qızı olması ilə deyil, həm də atasının tərəfdarları arasında populyarlığı ilə bağlıdır.

Beləliklə, ərəb kanalına cıxan Raqad müsahibəsində atası, uşaqlığı, Hüseyn Kamel ilə evliliyi, İraqın Küveytə müdaxiləsi və nəhayət, ölkədəki mövcud vəziyyətlə bağlı danışıb. Qadına görə ailəsi Bağdadın süqutundan sonra çox çətin vəziyyətlərlə üzləşib. Suriya ilə İordaniya arasında hərəkət etmək məcburiyyətində qalıb.

Atasının hakimiyyəti dövründə İraqı zəngin və sabit bir ölkə kimi xarakterizə edən Raqad, aparıcının həmin ərəfədə “ölkədə azadlığın olmaması” fikri ilə razılaşmayıb. Onun sözlərinə görə, atası onların siyasətdəki iştirakına heç vaxt müdaxilə etməsə də o özü siyasətdən kənar qalmaq istəyib. Ancaq Amerikanın İraqa müdaxiləsi və atasının həbsi onu bu mövqedən imtina etməyə məcbur edib.

Ölkənin mövcud vəziyyətinə diqqət cəkən sabiq prezidentin qızı hazırkı mərhələdəki ən vacib problem kimi İraqdakı parçalanma ilə bağlı narahatlığını dilə gətirib. Maraqlıdır ki, Raqad baş verənlərə görə daha çox İranı günahlandırıb. Onun fikrincə, İraqdakı hakimiyyətsizlikdən istifadə edən iranlılar ölkəni ələ keçiriblər.

Raqad Səddam gələcəkdə ölkənin siyasi həyatında iştirak etmək niyyətində olub-olmadığı sualına da cavab verib: “Mən iraqlıyam, bu mənim ölkəmdir və belə bir rol oynamaq istəməyin eybi yoxdur”.

Əslində, bunu “hər şey mümkündür” kimi də başa düşmək olar.

Qeyd edək ki, Raqad həqiqətən siyasi səhnəyə gəlmək istəyirsə, onun bir çox maneələrlə qarşılaşacağı istisna edilmir. Çünki onun 17 il kölgədə qaldığı ərəfədə, İraqla yanaşı, dünya da, onun oyunçuları da dəyişib.

Bu gün İraqda hökm sürən anarxiya, ölkənin bir çox xarici qüvvələrin müdaxilə obyektinə çevrilməsi və İraq xalqının 17 ildən çoxdur ki, mövcud olmayan sabitliyi bərpa etmək istəyi elə də asan görünmür. Bunu, təbii ki, sabiq prezident qızı da anlayır. O, qaranlıq bir siyasi səhnəyə qayıtmaq üçün yalnız populyarlığın kifayət olmadığını da yaxşı anlayır. O, iraqlıların keçmiş ölkəyə olan həsrətlərinin Bağdaddakı prezident sarayına aparan yeganə yol olmadığını da başa düşür.

Onu da bildirək ki, Rəqadın İranla əlaqəli açıqlamalarının milli səviyyədə gərginliyə səbəb olmaqla yanaşı, üç ölkə - İraq, Səudiyyə Ərəbistanı və İordaniya arasında böhrana səbəb ola biləcəyini də ehtimal edirlər.

Bununla yanaşı, bəziləri Raqadın qayıdışının bir çox suallar doğura biləcəyini istisna etməsələr də, onun verdiyi cavabları, sadəcə, bir cavab yox, televiziyanın qəhrəman seçiminin də təsadüfi olmadığını bildirirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə