Ermənilər niyə hələ də Paşinyana inanmırlar?

Ermənilər niyə hələ də Paşinyana inanmırlar?

Ermənistanın Dövlət Gəlirləri Komitəsi səlahiyyətlisi Mnatsakan Şarafyan bu gün erməni jurnalistlər üçün keçirdiyi mətbuat konfransında ölkəsinin 2020-ci ildə 2019-cu ilə nisbətən ixracatının 7 faiz, idxalının isə 17,5 faiz azaldığını bildirıb. Maraqlıdır ki, o bunun hələlik ilkin məlumat olduğunu da gizlətməyib.

O, 2020-ci ildə Avrasiya İqtisadi Birliyi ölkələrindən idxalın 2019-cu illə müqayisədə 1,3 faiz, 2018-ci ilə nisbətən 20 faiz artdığını, ancaq üçüncü ölkələrdən idxalın kəskin azaldığını da əlavə edib.

Təbii ki, Şarafyan Paşinyanla müqayisədə elə bir səlahiyyət sahibi deyil ki, Nikolun dediklərinə şübhə ilə yanaşsın.

İndi isə gəlin, görək, Paşinyan nə deyir. Paşinyan deyir ki, artıq böhrandan sonrakı canlanmanın ilk əlamətləri Ermənistan iqtisadiyyatında özünü göstərməkdədir. Beləliklə, erməni baş nazir hökumət iclasında bu il fevral ayının 15-də respublikanın kassa aparatlarında 604 min əməliyyat aparıldığını və bunun ötən ilin fevral ayı ilə müqayisədə xeyli çox olduğunu bildirib. Yəni, lori dildə desək, Ermənistanda ticarət dövriyyəsi 12 faiz artıb. Erməni xalqı ötən ilin eyni dövrü ilə müqayisədə 31.4 milyard dram çox bazarlıq edib. Paşinyana görə, görünən odur ki, ölkənin iqtisadiyyatı bərpa mərhələsinə girir. Əlbəttə, bu çox vacib və hətta deyərdim ki, əhəmiyyətli bir xəbərdir.

Sizi bilmirəm, şəxsən mən baş nazirdəki bu dəqiqliyə “heyran” qalmaya bilmirəm. Sən demə, elə ermənilər arasında da Paşinyanın erməni iqtisadiyyatında əldə etdiyi “uğur”lara “heyran” qalanlar varmış. Amma neynəyəsən ki, Nikola münasibətdə bütün ermənilər eyni mövqe nümayiş etdirmirlər. Yəni onu təqdir edənlərlə yanaşı, narazı qalıb dodaq büzənləri də varmış.

Maraqlıdır, baş nazirdən narazı olan ermənilər nə deyirlər? Deyirlər ki, ölkədə gündən-günə dərinləşən sosial-iqtisadi problemlər, onların həlli üçün maliyyə çatışmazlığı, səngiməyən köç dalğaları, gərgin epidemioloji vəziyyət, daha nələrlə üz-üzə qalan səfil bir ölkədə hansısa ölkə iqtisadiyyatının bərpası ilə bağlı danışmaq çox gülüncdür. Amma artıq Ermənistan iqtisadiyyatının nəbzini tapıb tutan Nikol Paşinyan, həm də artıq bərpa prosesinin elementlərini görə bilib. Neynəyəsən ki, bu gün Ermənistanda baş naziri baş nazir kimi istəməyənlər çoxdur. Onlar indi də Paşinyanın bu tapıntısına rişxənd eləyib, böyük yalan olduğunu deyirlər.

Onlar deyirlər ki, artıq üçüncü ildir ki, Ermənistan iqtisadiyyatının vəziyyəti kassa yoxlamaları ilə qiymətləndirilir. Onlara görə, belə çıxır ki, çeklərlə bağlı vəziyyətin təhlili ticarətin artdığını, yəni iqtisadiyyatın xeyli yaxşılaşdığını göstərir... Onlara görə, bu diaqnoz səhvdir. Bunu da Nikolu gözü götürməyənlər deyir. Onlar hətta, çeklərin miqdarındakı 31 milyard dram artımı, ticarətin həcminin artması kimi deyil, əksinə qiymətlərin artması kimi qələmə verirlər.

Ay sizi...Yeri gəlmişəkən, erməni olanda nə olar, etiraf edilməlidir də... Bəli, ötən ilin fevralından bu ilin fevralına qədər Ermənistanın bütün ticarət mərkəzlərində qiymətlərin, demək olar ki, bütün sahələrində artdığı etiraf edilməlidir. Yəni ölkədə hər şey bahalaşıb.

Bunula bağlı, ilk olaraq, valyuta bazarındakı vəziyyətə diqqət yetirməyə dəyər. Belə ki, ötən ilin fevralında dolların məzənnəsi 479 dram idi. İl ərzində 524-ə, yəni demək olar ki, 10 faizə düşdü. Təbii ki, bu da ölkə bazarlarındakı qiymət artımından yan keçə bilməzdi. Xatırladaq ki, son bir ildə Ermənistanda ərzaq məhsullarının qiymətləri 6,4 faiz, alkoqollu və tütün məhsullarının qiymətləri isə 10,8 faiz artıb. Şübhəsiz qiymət artımı ayaqqabı və paltar, kommunal və səhiyyə xidmətlərindən də yan keçməyib. Bir sözlə, ölkədə hər şey bahalaşıb. Paşinyanın dediyi çek miqdarındakı “inkişaf” isə, doğrudan da, gülməlidir.

Ermənilər özləri bilirsiniz bu “inkişaf”la bağlı nə deyirlər? Deyirlər ki, əgər ölkə rəhbərliyi uduzduğu müharibənin nəticəsini “qələbə” kimi təqdim edirsə, ölkədən qaçanlara rəğmən, Ermənistanda əhali sayında artım barədə danışırsa, onda ölməkdə olan iqtisadiyyatı niyə tərəqqi kimi ermənilərə sırımasın?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə