İndi də səhnəyə Serjik gəlir...

E.Şarmazanov: Ermənistanın üçüncü prezidenti tezliklə müsahibə açıqlamalar verməyə başlayacaq
İndi də səhnəyə Serjik gəlir...

Bu gün Ermənistanda “it yiyəsini tanımır” deyə yaranmış vəziyyətdən ölkədəki sabiqlərlə yanaşı, onların əlaltıları da yararlanmağa çalışırlar. Belə ki, bir vaxtlar Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın qulbeçəsi olan sabiq deputat Eduard Şarmazanov da, deyəsən, artıq hərəkətə keçib. Beləliklə, Serj Sarkisyanın tapşırığı ilə səhnəyə çıxan Şarmazanov bu yaxınlarda üçüncü prezidenti Serjikin də xalq qarşısına çıxıb açıqlamalar verməyə başlayacağını deyərək erməniləri müjdələyib.

SİA bu barədə erməni mənbələrinə istinadən xəbər verir.

Dünən erməni jurnalistləri başına yığıb onlara Serjikdən əvvəl özü açıqlama verən Şarmazanov bildirib ki, üçüncü prezident xalqa açıqlamalarını daha əvvəl verəcəkdi. Amma nə təəssüflər ki, ölkədəki koronavirus dalğası buna imkan verməyib. Ona görə də, Serj Sarkisyan yaxında xalqın qarşısına çıxıb onları gələcək planları ilə bağlı məlumatlandıracaq. Maraqlıdır ki, Şarmazanov rəhbərinin açıqlayacağı məsələlərin anonsunu da verib: üçüncü prezident yenidən Qarabağ məsələsini qaldıracaq. (Vallah Sizi bilmirəm, mənim yadıma “...baxma, bu qatarın dalınca, baxma” mahnısının nəqarəti düşdü)

Əslində, məsələ başqadır. Belə görünür ki, bu gün Ermənistanda Robert Koçaryanın yenidən erməni hakimiyyətinə qaytarılacağı barədə dolaşan xəbərlər Serj Sarkisyanı da hakimiyyəti zəbt eləməyə həvəsləndirib. Axı niyə də olmasın. Bu dəqiqə Ermənistanda yiyisizlikdir, Sarkisyan niyə bundan yararlanmasın?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə