Fəxrizadə 8 aylıq plan nəticəsində öldürüb - ŞOK İDDİA

Fəxrizadə 8 aylıq plan nəticəsində öldürüb - ŞOK İDDİA

İsrailin kəşfiyyat təşkilatı MOSSAD iranlı nüvə alimi Möhsün Fəxrizadəni 8 aylıq plan nəticəsində öldürüb. SİA xəbər verir ki, bu iddia İngiltərənin “The Jewish Chronicle” qəzeti tərəfindən kəşfiyyat mənbələrinə istinadən yayımlanıb.

Qəzetin xəbərinə görə, sui-qəsd İrana parça-parça daxil edilən 1 tonluq uzaqdan idarə olunan bomba ilə təşkil edilib.

MOSSAD-ın 2018-ci ildə İranda apardığı əməliyyatlarda ələ keçirilən sənədlərdə Fəxrizadənin nüvə proqramında əsas şəxs olduğu təsbit edilib. Planın tətbiqinə isə 2020-ci ilin mart ayında başlanılıb. Əvvəlcə bir qrup İsrail agenti yerli agentlərlə birlikdə çalışmaq üçün İrana göndərilib.

Həm israilli, həm də iranlılardan ibarət 20 agentin yer aldığı komanda Fəxrizadəni izləməyə başlayıb.

Qaynaqlardan biri komandanın son dərəcə detallı, dəqiqə-dəqiqə plan hazırladığını açıqlayıb: “8 ay adamla birlikdə nəfəs aldılar. Onunla ayıldılar, onunla yatdılar, onunla səyahət etdilər. Təraş köpüyü istifadə etsəydi, onun belə qoxusunu ala bilərdilər”.

Sonda alimin cümə günü Tehranın şərqindəki villasına gedərkən öldürülməsinə qərar verilib. İstiqamət, sürət, saat və hətta istifadə ediləcək qapılar nəzərə alınaraq uzaqdan idarəetməli və dəlillərin yox edilə bilməsi üçün bomba yerləşdirilmiş silah hazırlanıb.

Partlayıcı daxil, bir ton ağırlığındakı silah parça-parça İrana daxil edilib. Yol kənarındakı bir yük maşınının içinə yerləşdirilən silah Fəxrizadənin avtomobili yaxınlaşanda agentlər tərəfindən işə salınıb.

Fəxrizadə 13 güllə ilə öldürüldükdən sonra MOSSAD komandası bombanı partladıb. Qaynaqlardan biri agentlərin hamısının İrandan çıxmağı bacardığını söyləyib.

Sui-qəsdin ABŞ-ın müdaxiləsi olmadan İsrail tərəfindən gerçəkləşdirildiyi qeyd olunub.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə