Avropanın Rusiyaya qarşı ən optimal strategiyası nə ola bilər?

Avropanın Rusiyaya qarşı ən optimal strategiyası nə ola bilər?

Avropa İttifaqının xarici məsələlər komissiyasının rəhbəri Jozep Borrellin ötən həftə Moskvaya reallaşan səfəri Avropada şok qalmaqala səbəb olub. Maraqlıdır ki, bu məsələyə avropalı rəsmilərin əksəriyyəti fərqli mövqedən yanaşırlar. Məsələn, Paris Siyasi Araşdırmalar İnstitutunun əməkdaşı Surul Bre Moskvaya səfəri zamanı Avropa diplomatiyası rəhbərinin nüfuzuna vurulan zərbəni Avropa Birliyinin artıq hansı strategiyanı həyata keçirəcəyini bilməməsi ilə əlaqələndirir. SİA bu barədə xarici mətbuatın xülasəsinə istinadən bildirir.

Maraqlıdır, görən, Rusiya ilə danışıqlara qatılmağın düzgün yolu nədir? Qəribədir ki, fransız mütəxəssis mümkünsüz təklif edir: Rusiyanı yerkökü və çubuqla təslim et. Sadəcə, ona görə ki, bu gün Avropa Birliyinin pulu çoxdur və şübhəsiz ki, Rusiyanın bu gün həmin pullara çox ehtiyacı var.

Ondan başlayaq ki, 2014-cü ildən - "Krımın Moskva tərəfindən ilhaq edilməsi"ndən sonra Rusiya ilə Avropa Birliyi arasındakı münasibətlər hələ də açıq olaraq qalmaqdadır. Əslində hazırda yaranmış vəziyyəti Avropa Birliyinin çıxılmaz vəziyyətlə üzləşməsi kimi də dəyərləndirmək olar. Burada Avropanın da öz maraqları var: Rusiya təhlükəsizlik məsələlərində əsas oyunçudur. İran, Suriya, Qara dəniz, Baltik dənizi və Arktikada nüfuz sahibidir. İqtisadi baxımdan Avropa Birliyi Rusiya üçün ilk satış bazarı və əsas xarici investordur. Təbii ki, belə olan halda, xaricdə Avropanın maraqlarını təbliğ edən Josep Borrell Rusiyanı boykot edə bilməz.

Buna baxmayaraq, digər tərəfdən, prinsiplər var: Avropa Birliyi Rusiyadakı gənclərə qarşı mövcud repressiyalarla qətiyyən razılaşmır. Məhz buna görə də, Avropanın siyasi kimliyini təbliğ edən birinin Rusiya səlahiyyətliləri ilə görüşməsi başadüşüləndir.

Təbii ki, bu gün Avropada çoxları birliyin prinsipləri adı altında Rusiyaya qarşı etiraz aksiyasını yaratmağın asan olmadığını anlayır. Bununla yanaşı, hazırda Rusiya-Avropa münasibətlərinin qarşılıqlı inamsızlığa söykəndiyini də çoxları qəbul edir.

Məlumdur ki, siyasətdə güc tapınması ilə qanunun aliliyinin təşviqi arasında açıq bir fikir ayrılığı var. İqtisadi sahədə Rusiya Avropa idxalından asılılığını bilir və buna görə də karbohidrogen və xammal bazarlarını şaxələndirməyə çalışır.

Maraqlıdır ki, Surul Bre elə bu məsələ ilə bağlı bir sıra etiraflarını da gizlətmir. Məsələn, o, bu gün Rusiyanın Avropa Birliyinin daha cox Avropa Birliyinin Rusiyaya ehtiyacı olduğunu da gizlətmir. Niyə biz bu gün Rusiyaya öz yerini göstərə bilmirik? Nə üçün Rusiya hakimiyyət orqanlarına Avropa Birliyinin indi daha güclü olduğunu aydınlaşdırmırıq? Çünki bu gün Avropanın Rusiyanın kapitalına, texnologiyasına, sərmayəsinə və ticarət müqavilələrinə ehtiyacı var. Bundan əlavə, birliyə daxil olan dövlətlər arasında Rusiya ilə bağlı fikir ayrılıqları mövcuddur.

Bəzilərinin, Yunanıstan və Bolqarıstan kimi Rusiya ilə tarixi və mədəni yaxınlığı var. Digərlərinin - Almaniya və İtaliya kimi açıq iqtisadi maraqları var. Nəhayət, bəziləri üçün Rusiyanın statusu vacibdir – bu ilk olaraq, Fransa və Polşaya aiddir. Fransız siyasətçiyə görə, məhz bu və digər məsələlər Avropanı yol ayrıcında qoymaqdadır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə