Covid-19-a qarşı etirazlar yoluxma sayını artıra bilər - TƏDQİQAT

Covid-19-a qarşı etirazlar yoluxma sayını artıra bilər - TƏDQİQAT

Almaniyada aparılan bir araşdırma hökumətin Covid-19 epidemiyası məhdudiyyətlərinə qarşı etiraz aksiyalarının infeksiyaların artmasına səbəb olduğunu ortaya qoyub. SİA Almaniya KİV-lərinə istinadən xəbər verir ki, Berlin hökuməti tərəfindən görülən sərt tədbirlərə baxmayaraq, yoluxmaların sayının artmasına mane ola bilməyib. Yanvar ayında Covid-19 ilə əlaqəli ölümlərdə 18 faiz artım olduğu bildirilsə də, artımın səbəblərindən birinin nümayişlər olduğu müəyyən edilib.

21 min Covid-19-a yoluxma halının qarşısı alına bilərdi

Leibniz Avropa İqtisadi Tədqiqatlar Mərkəzi (ZEW) və Berlin Humboldt Universiteti tərəfindən aparılan araşdırmada iştirak edən səlahiyyətlilər, "Berlin və Leypsiqdəki iki böyük etiraz aksiyası ləğv olunsaydı, təxminən 21 min yoluxma halının qarşısı alınmış olardı" deyə bildirib.

Tədqiqat etirazçıları mitinq meydanına aparan avtobus şəbəkəsinin fəaliyyət göstərdiyi ərazilərə yönəlib. Mütəxəssislər iki nümayişdən sonra bu bölgələrdə yeddi günlük infeksiya nisbətinin əhəmiyyətli dərəcədə artdığını aşkar ediblər.

Gigiyena qaydalarına uymayanlar başqaları üçün çox böyük riskdir

Tədqiqatçılardan biri Martin Langer, "Mövcud gigiyena qaydalarına uymayan mobil azlıq başqaları üçün əhəmiyyətli bir risk yaradır" deyə bildirib.

Xatırladaq ki, yaydan bəri ölkədə baş verən etiraz aksiyalarında sosial məsafə qaydasına əməl edilmir və iştirakçılar ümumiyyətlə tibbi maskalar taxmırlar.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə