Rusiya ilə realist olmaq çağırışı...

Rusiya ilə realist olmaq çağırışı...

Fransalı yazar Rena Jirarın ehtimalına görə, Avropanın Aleksey Navalnı ilə bağlı Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi olduqca səhv addımdır, çünki bu Qərbin Moskva ilə ticarətinə böyük zərbə vura bilər. SİA bu barədə xarici mətbuata istinadən bildirir.

Xatırladaq ki, fevralın 22-də keçirilməsi planlaşdırılan Avropa Birliyi Xarici İşlər Şurasının iclasında Rusiya ilə münasibətlərin gələcəyi müzakirə ediləcək. İclasda avropalı nazirlərin daha çox Navalnı və Rusiyadakı insan haqları mövzusuna önəm verəcəkləri şübhə doğurmur. Hətta bəzi Qərb ölkələrin (Polşa, Litva, Latviya, Estoniya) Avropa Birliyinin Rusiyaya qarşı yeni insan haqları ilə bağlı sanksiyalar tətbiq etməsinə üstünlük verəcəkləri də istisna olunmur.

Fransalı yazara görə, belə olan halda avropalılar üçün sual yaranır: bu cəza strategiyasının Rusiyada işləyəcəyinə kiçik də olsa elə bir ehtimal varmı? Jirarın fikrincə, təbii ki, yox! Çünki tarix boyu ruslar xarici dövlətlərin onlara həyat haqqında öyrətməyə, kənardan bir davranış və düşüncə xətti tətbiq etməyə çalışdıqlarına həmişə düşmən münasibəti bəsləyiblər.

Bundan əlavə, Avropa Birliyinin Navalnıya görə Rusiyaya hazırkı təzyiq kampaniyası Moskvaya onun xarici qüvvələrin agenti kimi təqdim etməyə əsas verir. Jirarın qənaətincə, Avropa Birliyi Rusiyaya qarşı siyasətində duyğularını yox, maraqlarını diktə etməlidir. Bunun üçün əgər biz rusları tədricən də olsa, Avropa dəyərlərinə cəlb etmək istəyiriksə, belə olan halda biz onlara sanksiya tətbiq etmək əvəzinə, onlarla ticarət etməliyik!

Amma biz nə edirik? Onları öz ərazilərimizdə bizlərə zərbə vurmağa məcbur edirik. Maraqlıdır ki, fransalı yazar bunları son zamanlar Qərbdə rusiyalı hakerlərin çoxalmasına işarə edərək bildirir. Bu gün Avropa ölkələrində fidyə-proqram fəaliyyətinin sürətlə böyüdüyünü diqqətə çatdıran Jirar, istisna etmir ki, bu cür kiberhücumlar davam edəcəyi təqdirdə, Avropa şirkətlərinin ruslarla ticarət edə biləcəklərinə heç bir ümid yeri qalmayacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə