Himalayda daşqın fəlakəti: - ölənlərin sayı 26-ya çatır

Himalayda daşqın fəlakəti: - ölənlərin sayı 26-ya çatır

Hindistanda Himalayadakı Nanda Devi dağından bir buzlaq parçasının qoparaq Dhauliganga çayına düşməsindən sonra meydana gələn daşqında ölənlərin sayı 26- nəfərə çatıb. SİA xarici KİV-lərə istinadla xəbər verir ki, buzlaqdan gələn axının Dhauligangada inşa edilən hidroelektrik stansiyasına, Alaknandada isə bir su elektrik stansiyasına və bir neçə yaşayış məntəqəsinə ziyan vurub. Daşqından sonra daha 8 cəsədin çıxarılması ilə ölənlərin sayı 26-ya yüksəlib və ən az 165 nəfər itkin düşüb.

Səlahiyyətlilər itkin düşənlərin çoxunun su elektrik stansiyası layihələrinin işçiləri olduğunu və seldən sonra 42 nəfərin qaldığı iki tuneldən 16 nəfərin xilas edildiyini və qalan 26 nəfərin xilas edilməsi üçün səylərin davam etdiyini bildiriblər. Hindistan-Tibet Sərhəd Polisi (ITBP) sel fəlakətindən zərərçəkənlərin axtarış-xilasetmə əməliyyatına başlayıb.

ITBP sözçüsü Vivek Pandey xilasetmə işində 200-dən çox polisin iştirak etdiyini və vəziyyətin nəzarət altında olduğunu qeyd edib. Hindistanın daxili işlər naziri Amit Şah Milli Fəlakətlə Mübarizə Gücünün (NDRF) 4 qrupunun hadisə yerində olduğunu və dəstək qruplarının Yeni Dehlidən Uttarakhanda köçdüklərini açıqlayıb.

Xatırladaq ki, Uttarakhandda 2013-cü ildə yağan güclü yağışlardan sonra meydana gələn sürüşmə və daşqınlarda 1000-dən çox insan ölüb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə