Rusiyada inşaat sahələrində işçi çatışmır

Rusiyada inşaat sahələrində işçi çatışmır

Bu gün Rusiya inşaat sahəsində işçi çatışmazlığı ilə üzləşib. Bu, artıq ölkədə fəaliyyət göstərən bütün inşaat şirkətləri tərəfindən etiraf edilməkdədir. Qeyd edək ki, Rusiya rəhbərliyi bunun ölkədə mənzillərin istismara verilməsinin ləngiməsinə gətirib çıxardığını bildirir. SİA bu barədə rus mətbuatına istinadən yazır.

Koronavirusun yayılmasına qarşı karantin tədbirləri səbəbindən yaranan kadr çatışmazlığı Yeni il tətilindən sonra Rusiyada ən kəskin şəkildə nəzərə çarpmaqdadır. Məhz bunu nəzərə alan Ural İnşaatçılar Birliyi Rusiya Baş nazirinin müavini Marat Xusnullinə müraciət edərək MDB vətəndaşlarına inşaat sahələrində işləmək üçün Rusiyaya daxil olmaq hüququnun qaytarılmasını təklif edib. Təklifdə bu sahədə işçi çatışmazlığının 40-50 faiz civarında olduğu da bildirilir.

Xatırladaq ki, bir müddət bundan əvvəl Rusiya prezidenti Vladimir Putin MDB ölkələrindən gələn miqrantları Rusiyanın tikinti layihələrinə sadələşdirilmiş qaydada cəlb edilməsini söyləmişdi. Putinə görə, əks təqdirdə, mənzillərin istismara verilməsi planlarının icrası təhlükə altına düşəcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə