Tramp Nobel sülh mükafatına namizəddir

Tramp Nobel sülh mükafatına namizəddir

Estoniya parlamentinin üzvü Jaak Madison ABŞ-ın keçmiş prezidenti Donald Trampı Nobel sülh mükafatına namizəd göstərib. SİA bu barədə “Ria Novosti” saytına istinadən bildirib.

Estoniya Mühafizəkar Xalq Partiyasını təmsil edən siyasətçi bu addımını, sabiq prezidentin son 30 ildə müharibə etməyən ilk ABŞ prezidenti olması ilə əlaqələndirib. Eston siyasətçisinin fikrincə, məhz Trampın rəhbərliyi altında Yaxın Şərqdə sabitliyin və sülhün təmin olunmasına kömək edən bir sıra sülh sazişləri imzalanıb.

Maraqlıdır ki, şəxsi “Facebook” səhifəsində izləyicilərindən dəstək istəyən Madison, mükafatla bağlı müraciətlərin çox olacağı təqdirdə müvəffəqiyyət şansının artacağını da gizlətməyib.

Xatırladaq ki, 1901-ci ildən bəri hər il Osloda verilən Nobel Fondunun nizamnaməsinə görə, namizədlər müxtəlif ölkələrin milli parlament və hökumət üzvləri, beynəlxalq məhkəmələrin üzvləri, universitet rektorları, Norveç Nobel Komitəsinin indiki və keçmiş üzvləri və məsləhətçiləri tərəfindən irəli sürülə bilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə