"2020-ci ildə Ermənistanda iş yerlərinin orta aylıq sayı 609 min nəfər olub ki, bu da 2019-cu illə müqayisədə 1,2 faiz çoxdur". SİA erməni mətbuatına istinad edərək xəbər verir ki, bu barədə Ermənistanın dövlət gəlirləri idarəsinin təşkilat, monitorinq və nəzarət şöbəsinin müdiri Karen Tamazyan jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bildirib.

Əla! Sən demə, planeti bürüyən epidemiya səbəbindən dünyanın aparıcı iqtisdiyyata malik ölkələri geriləməyə doğru getsə də, ələbaxan, miskin Ermənistan tərəqqisindən bir dəqiqə belə qalmayıb.

Əlbəttə, erməni rəsmisi tərəfindən səsləndirilən bu statistika erməni səlahiyyətlilərdən kimin üçünsə ürəkaçan hesab edilə bilər. Amma maraqlıdır, müharibə, koronavirus, iqtisadi böhran və ümumıyyətlə, bütün əsas sosial-iqtisadi parametrlərdə tənəzzül keçirən Ermənistan kimi bir ölkədə yeni iş yerləri necə açıla bilər?

Qeyd edilməlidir ki, burada, əslində, söhbət yeni iş yerləri açmaqdan yox, köhnələrin kölgəsindən çıxmaqdan gedir. Ancaq bu, vəziyyəti qiymətləndirmək baxımından elə də çox dəyişmir. Təsəvvür edin, əgər başqa bir ölkədən danışılsaydı, belə bir vəziyyət paradoksal adlandırıla bilərdi. Lakin ölkədə baş verən qarışıqlığı "məxməri inqilab" adı ilə dünyaya sırıyan hazırkı Ermənistan üçün paradoks təbii bir vəziyyətdir.

Maraqlıdır, görən Karen Tamazyan "yeni iş yerləri" ilə bağlı açıqlama verərkən, başbiləni Nikol Paşinyanın həqiqət kimi xalqa sırıdığı yalanlarına istinad edibmi?

Axı, yalan məlumatlarına görə dəfələrlə ifşa olunan Nikol hələ özü ötən ilin aprel ayında ölkədə 73 mindən çox iş yerinin ləğv edildiyini bildirmişdi. Qeyd edilməlidir ki, koronavirusla əlaqədar sonrakı müddətdə Ermənistanda yeni iş yerlərinin açılması ehtimalı da inandırıcı görünmür.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...