ABŞ rus zenith-raket kompleksini oğurlayıb?

“Amerikalılar Liviya Milli Ordusuna məxsus rus istehsalı olan “Pantsir-C1” zenith-raket kompleksini oğurlayıblar”. SİA bildirir ki, bu xəbəri “The Times” nəşri yayıb.

Analitiklər hesab edirlər ki, indi ABŞ hərbi mütəxəssisləri rusların sənaye imkanlarını öyrənə və əldə etdikləri biliyə əsaslanaraq potensial düşmənlə döyüş əməliyyatlarını simulyasiya edə biləcəklər.

Maraqlıdır ki, nəşrdə yer alan məqalə müəllifi deyilənlərlə razılaşmayaraq, bu oğurlugun kompleksin qaçaqmalçıların əlinə keçməməsi üçün həyata keçirildiyini bildirib. Belə ki, müəllif son zamanlar bu ərazilərdə mülki təyyarələrin məhvolma təhlükəsini önə çəkərək, oğurluğu məcburiyyətlə əlaqələndirib.

Qeyd edək ki, məqalə müəllifi atılan addımı “ABŞ hərbi mütəxəssislərinin rusların sənaye imkanlarını öyrənmək istəyi” ilə əlaqələndirənlərlə də razılaşmır. Onun iddiasına görə, amerikalı mütəxəssislər “Pantsir-C1” -ın sənaye imkanlarını Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) vasitəsilə də çoxdan öyrənə bilərdilər.

Xatırladaq ki, Liviya xeyli miqdarda “Pantsir-C1” zenith-raket kompleksini məhz BƏƏ vasitəsilə əldə edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə