ABŞ-ın yeni dövlət katibi Antoni Blinken kimdir? - DOSYE

Antoni Con Blinken (Antony John Blinken) 16 aprel 1962-ci ildə Nyu York ştatının Yonkers şəhərində anadan olub. Dövlət məmuru və 71-ci Dövlət Katibi vəzifəsində çalışan diplomatdır. Harvard və Kolumbiya universitetlərinin məzunudur.

2013-2015-ci illərdə Prezidentin Milli Təhlükəsizlik müşavirinin müavini və 2015-2017-ci illərdə Prezident Barak Obamanın rəhbərliyi altında Dövlət Katibinin müavini vəzifələrində çalışıb.

Bill Klintonun rəhbərliyi dövründə A.Blinken 1994-2001-ci illərdə Dövlət Departamentində və Milli Təhlükəsizlik Şurasında rəhbər vəzifələrdə, 2001-2002-ci illərdə Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində baş elmi işçi vəzifəsində çalışıb. 2002-2008-ci illərdə Senatın Xarici Əlaqələr Komitəsinin Demokratik Kadrlar Direktoru vəzifəsini icra edərkən ABŞ ordusunun İraqa daxil olmasını müdafiə edib. 2008-ci ildə prezidentlik kampaniyasında uğursuzluğa düçar olan Co Baydenin xarici siyasət üzrə məsləhətçisi olub.

2009-2013-cü illərdə Blinken vitse-prezidentin müşaviri və milli təhlükəsizlik müşaviri vəzifələrində çalışıb. Daha sonra 2013-2015-ci illərdə Milli Təhlükəsizlik müşavirinin müavini və 2015-2017-ci illərdə Dövlət Katibinin müavini vəzifələrində çalışıb. Obama administrasiyasında olduğu müddətdə ABŞ-ın Əfqanıstan, Pakistan və İranın nüvə proqramı ilə bağlı siyasətinin hazırlanmasına kömək edib. Dövlət xidmətindən ayrıldıqdan sonra Blinken konsaltinq şirkəti olan WestExec Advisors-un həmtəsisçisi olaraq özəl sektora keçib.

Evlidir, iki övladı var.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...