İtaliyanın baş naziri Cüseppe Konte istefa ərizəsini Prezident Serco Mattarellaya təqdim edib, dövlət başçısı tərəfindən isə ona vəzifəsinə davam etməsi təklifi olunub. SİA RİA Novosti Agentliyinə istinadən xəbər verir ki, bu barədə prezidentin Kvirinal Sarayının məlumatında deyilir.

Qeyd olunur ki, Konte ilə Matterella arasında söhbət yarım saata yaxın davam edib.

"Qərar qəbul etmək üçün prezident vaxt lazım olduğunu bildirib və hökumətin mövcud vəzifələrini yerinə yetirməyə dəvət edib", deyə məlumatda bildirilir.

Xatırladılır ki, çərşənbə günü günortadan sonra Mattarella mövcud hökumət böhranından çıxış yolu tapmaq üçün məsləhətləşmələrə başlayacaq. Ölkənin əsas siyasi partiyalarının nümayəndə heyətləri ilə görüşlərin təqvimi daha sonra açıqlanacaq.

Yerli media Kontenin çərşənbə axşamı günü bir mətbuat konfransı təşkil edəcəyini bildirib. Müəyyən bir video mesajın hazırlanması barədə də məlumatlar var.

Bir qədər əvvəl Kontenin çərşənbə axşamı ölkədəki siyasi böhran səbəbindən istefa edəcəyi bildirilmişdi.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə