Almaniya kansleri Angela Merkellə ABŞ prezidenti Co Bayden arasında telefon danışığı olub

Almaniya kansleri Angela Merkellə ABŞ-ın yeni prezidenti Co Bayden arasında telefon danışığı olub, alman Baş nazir Baydeni Birləşmiş Ştatların prezidenti kimi vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib və bir sıra beynəlxalq məsələləri müzakirə edərək, Vaşinqtonla əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb. SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Almaniya Federativ Respublikasının Nazirlər Kabinetinin nümayəndəsi Şteffen Zaybert açıqlama verib. "Federal Kansler Angela Merkel bu gün ABŞ prezidenti Co Baydenlə telefon danışığı aparıb. Kansler Co Baydeni andiçmə mərasimi münasibətilə təbrik edib. O, Almaniyanın Avropa və transatlantik tərəfdaşları ilə birlikdə beynəlxalq çağırışların həllində məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu deyib", - deyə Zaybert öz açıqlamasında bildirib. ƏTRAFLI Optimal Sərfəlidir Onun sözlərinə görə, tərəflər "koronavirus pandemiyasının qarşısının alınmasında gücləndirilmiş beynəlxalq əməkdaşlığın tələb olunması"na dair həmrəylik nümayiş etdiriblər: "Kansler ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) qayıtmasını məmnuniyyətlə qarşılayıb. Bundan başqa, kansler və prezident xarici siyasət məsələləri, xüsusən Əfqanıstan və İranla bağlı ticarət siyasəti və iqlim mövzusunda da danışıblar. Kansler ABŞ-ın Paris İqlim Anlaşmasına qayıtması ilə bağlı prezident Baydenin qərarından məmnunluğunu dilə gətirib". Zaybert öz çıxışında, həmçinin Merkelin Baydeni "pandemiya vəziyyətinin imkan verəcəyi vaxtda" Almaniyaya səfərə dəvət etdiyini də bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə