Avstriyada peyvənd kampaniyasına nəzarət gücləndirilib

Dünyanın bir çox ölkəsində olduğu kimi, Avstriyada da ötən ilin sonundan koronavirusa qarşı vaksinasiya kampaniyası həyata keçirilir. İlk mərhələdə ölkədəki ahıllar evlərinin sakinləri, yaşı 80-dən yuxarı, risk qrupuna daxil olan şəxslər və tibbi heyətə peyvənd vurulur. SİA xəbər verir ki, artıq ölkənin bir çox bölgələrində yuxarıda göstərilən kateqoriyaya daxil olmayan şəxslərə peyvənd vurulması halları aşkarlanıb. Vaxtından əvvəl peyvənd olunmağa can atanlar isə, ilk növbədə, siyasətçilər, yerli bələdiyyələrin rəhbərləri, şəhər merləri və onların ailə üzvləridir. Ahıllar evləri bələdiyyələrin nəzdində olduğuna görə bələdiyyə rəhbərlərinin peyvənd dozalarının kənar şəxslərə də vurulmasını təşkil etdikləri aşkarlanıb. Məhz bu halların qarşısını almaq üçün federal əyalətlərdə ahıllar evlərində həyata keçirilən vaksinasiya prosesinə nəzarət edəcək xüsusi şəxslər təyin olunub. Avstriyanın federal səhiyyə naziri Rudolf Anşober növbədənkənar peyvənd vurulma hallarını sərt tənqid edib və hamının vaksinasiya strategiyasının tələblərinə uyğun şəkildə davranmalı olduğunu tələb edib. Qeyd edilib ki, ilin əvvəlindən indiyədək Avstriyada 162 min peyvənd dozası tətbiq olunub və hədəf ilin ortalarınadək ölkə əhalisinin 70 faizinin peyvənd edilməsinə nail olmaqdır. Eyni zamanda, əhali arasında peyvəndə marağın getdikcə artmasını müsbət qiymətləndirən R.Anşober aprel ayından etibarən ölkəyə gətiriləcək peyvənd dozalarının həcminin artacağını da bildirib. Federal Kansler Sebastian Kurts da bəzi bələdiyyələrdə baş verən növbədənkənar peyvənd hallarını "əxlaqi cəhətdən məyusedici" hal kimi dəyərləndirib və təyin edilmiş koordinatorların gələcəkdə bu kimi mənfi halların qarşısını qətiyyətlə alacaqlarını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...