Baydendən Tramp qarşı 17 fərman - ŞOK ADDIM

Ağ Evdəki ilk günündə ABŞ prezidenti Co Bayden Tramp dövründə qəbul olunmuş 17 sənədi rədd edən fərman imzalayıb. SİA "The Washington Post"-a istinadən xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfindən tətbiq olunan sərt immiqrasiya siyasətinə son qoyan fərmanı imzalayan Bayden Konqresə ölkədə qanunsuz olaraq yaşayan milyonlarla immiqrant üçün vətəndaşlıq yolunun açılmasını təklif edən qanun layihəsi göndərib.

Bayden ilk olaraq federal qurumların binalarında və şəhərciklərdə COVİD-19 səbəbi ilə maska ​​taxmağı məcbur edən qərarı tətbiq etməyə başlayıb.

Paris İqlim Sazişinə qayıdış

İqlim dəyişikliyinə qarşı mübarizəni özünün prioritetlərindən biri kimi qoyan Bayden qlobal istiləşməni inkar edən Trampın geri çəkildiyi Paris İqlim Sazişində yenidən iştirak etmək üçün prezident sərəncamını imzalayıb.

Bundan əlavə, Bayden COVİD-19 epidemiyasından sonra Trampın ayrıldığı Ümumdünya Səhiyyə Təşkilatına qayıtmaq üçün də fərman imzalayıb.

Trampın ilk qəbul etdiyi qərarlardan birini ləğv etdi

Bayden Donald Trampın vəzifəyə gəldikdən təxminən bir həftə sonra imzaladığı fərmanla bəzi müsəlman ölkələrinə qarşı səyahət qadağasını da ləğv edib.

Həmçinin, Bayden Tramp dövrünün ən mübahisəli qərarlarından biri olan Meksika sərhədində inşa edilmiş divardan vəsaitin kəsilməsinə dair də bir fərman da imzalayıb.

İmmiqrasiya mütəxəssisləri son dörd ildə tətbiq olunan məhdudiyyətlərin çoxunun qaldırılmasının aylar və ya daha uzun müddət çəkəcəyini proqnozlaşdırırlar.

Neft kəməri layihəsinin ləğvi haqqında fərman

Bayden Obamanın 7 illik hakimiyyətindən sonra ekoloji səbəblərdən 2015-ci ilin noyabrında rədd etdiyi, lakin Donald Tramp tərəfindən təsdiqlənmiş Keystone XL neft kəməri layihəsinin ləğvi barədə bir fərman da imzalayıb. Kanada neftini Meksika Körfəzindəki ABŞ-ın neftayırma zavodlarına daşıyacaq 2735 kilometrlik neft kəməri layihəsinin gündə təxminən 800 min barrel neft ötürməsi gözlənilirdi.

Bayden Ağ Evdəki ilk günündə 17 fərman imzalayıb.

Bayden Ağ Evdə jurnalistlərə açıqlamasında Donald Trampın ona "çox səxavətli" bir məktub qoyduğunu, ancaq məktubun məzmununu bölüşməyəcəyini söyləyib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...