Baydendən qeyri-rəsmi immiqrantlar üçün addım

Mühacirət əleyhinə siyasəti ilə tanınan ABŞ Prezidenti Donald Trampdan vəzifəsini almağa hazırlaşan Co Bayden rəhbərliyinin ilk günündə qeyri-rəsmi immiqrantlara 8 illik "vətəndaşlıq yolu" açmağı planlaşdırır. SİA xarici KİV-lərinə istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının seçilmiş Prezidenti seçki kampaniyasında 11 milyondan çox qeydiyyatdan keçməmiş immiqranta verdiyi vədə əməl etməkdə qərarlıdır. Baydenin bu məqsədlə and içdikdən dərhal sonra Konqresə hərtərəfli bir immiqrasiya qanun layihəsini təqdim edəcəyi bildirilib.

Qanun layihəsinin məzmunu hələlik bəlli deyil. Lakin yüzlərlə səhifə nəşr edilməsi gözlənilən mətnin Donald Trampın qanunsuz immiqrasiyanı dayandırmağa əsaslanan siyasətinin əksinə olduğu şübhəsizdir.

Seçki kampaniyası dövründə Bayden Trampın immiqrasiya fəaliyyətlərini Amerika dəyərlərinə qarşı "amansız bir hücum" olaraq xarakterizə edib və "zərərləri aradan qaldıracağını" söyləyib.

Qanun layihəsinə görə, 1 yanvar 2021-ci il tarixindən etibarən hüquqi statusu olmayanların əvvəlki yoxlamalardan keçib vergi ödəmələri və digər əsas tələbləri yerinə yetirməsi halında müvəqqəti hüquqi statusa və ya yaşıl karta aparan beş illik müddətə sahib olacaqlar.

5 ildən sonra vətəndaşlıqlarını davam etdirmək istəsələr, başqa 3 illik keçid dövrü ilə qarşılaşacaqlar.
Bəzi immiqrantlar üçün müddət daha sürətli olacaq. Uşaqlıqda ABŞ-a qeyri-qanuni yolla gələnlər, habelə kənd təsərrüfatı işçiləri və müvəqqəti qoruma statusunda olanlar çalışdıqları və ya məktəbdə olduqları təqdirdə yaşıl kartları daha sürətli şəkildə əldə edəcəklər.

Baydenin bir çoxunun müsəlman ölkələrdən gələn immiqrantların qadağalarına son verilməsi ilə yanaşı, Trampın digər immiqrasiya siyasətlərini dəyişdirmək üçün sürətli inzibati addımlar atacağı gözlənilir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə