Dondurmada koronavirus aşkarlanıb - ŞOK

Çinin paytaxtı Pekin yaxınlığında bir şəhərdə dondurmada koronavirus tapılıb. SİA Euronews-a istinadən xəbər verir ki, səlahiyyətli orqanlar dondurmanın istehsal edildiyi Tianjindəki "Daqiaodao Food" şirkətinin möhürləndiyini və işçilərinin Covid-19 testindən keçirildiyini bildirib.

Virus aşkar edildiyi dondurmalar ələ keçirilərkən, məhsulların yerləşdirildiyi 29 min karton qutunun hələ satılmadığı, satılanların isə geri toplandığı bildirilib.

Bu arada hökumət dondurmanın tərkibindəki süd tozunun Yeni Zelandiyadan, zərdab tozunun Ukraynadan gəldiyini açıqlayıb.

Xatırladaq ki, Pekin hökuməti ilk dəfə 2019-cu ilin sonunda Çinin Uhan şəhərində aşkarlanan virusun xaricdən gətirilən qida ilə gəldiyini iddia etmişdi.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə