Dmitri Medvedev: “Putinlə aramızdakı fikir ayrılıqları normaldır”

Dmitri Medvedev: “Putinlə aramızdakı fikir ayrılıqları normaldır”

Rusiya prezidenti Dmitri Medvedevin bu gün keçirilən mətbuat konfransında müzakirə edilən məsələlər açıqlanıb. SİA-nın məlumatına görə, Medvedev prezident seçkilərində namizədliyi ilə bağlı suala kəskin cavab verməyib: \"Gələn il keçiriləcək prezident seçkilərinə namizədliklə bağlı hələ bir qərar verməmişəm. Bu haqda danışmağın tez olduğunu düşünürəm, amma ən yaxın gələcəkdə bu məsələ ilə bağlı qərarımı açıqlayacam. Bu qərarın açıqlandığı zaman təşkil edilən mətbuat konfransı daha fərqli olacaq\".

Medvedev hökumətə istiqamətlənmiş tənqidləri və bəzi hökumət nümayəndələrinin vəzifələrindən azad edilib-edilməyəcəyi ilə bağlı suala isə belə cavab verib: \"Bəzi insanlar ömrünün sonuna qədər iqtidarda qala bilər. Bu cür insanların sonu ümumiyyətlə pis olur. Bildiyiniz kimi, mən hökuməti hər vaxt tənqid edirəm, amma hökumətin düzgün istiqamətdə çalışdığını düşünürəm. Ona görə də, kimisə vəzifəsindən azad etməyin doğru olmadığını düşünürəm\".

Putin ilə münasibətləri haqda verilən sualı cavablandıran Medvedev aralarındakı bənzərliyi diqqətə çatdırıb: \"Biz Putinlə bir-birimizi çox yaxşı tanıyırıq. Strateji baxımdan aramızda böyük bir bənzərlik var. Təbii ki, bu o demək deyil ki, hər mövzuda fikirlərimiz üst-üstə düşür. Əslində də belə olması normal və xoş qarşılanır, çünki aramızda müzakirə və fikir ayrılıqları olmasa maraqsız və sıxıcı bir idarəçiliyə məhkum olardıq\".

Bütün xəbərlər Facebook səhifəmizdə