Ermənistanda yenidən etiraz dalğası - İrəvanda çaxnaşma

Ermənistanın paytaxtı İrəvanda daha bir etiraz aksiyası baş tutub. SİA xəbər verir ki, baş prokurorluğun inzibati binasının qarşısında Milli Gündəm partiyasının nümayəndələri baş nazir Nikol Paşinyana qarşı xəyanət ittihamı ilə cinayət işi başlanmasını tələb edən etiraz aksiyası keçirib.

Etirazçılar baş nazirin təslim bəyanatını imzalayaraq dövlətə xəyanət etdiyinə görə məsuliyyətə cəlb edilməli olduğuna inanırlar.

Milli Gündəm partiyasının lideri Ara Akopyan dövlətçiliyin və ölkənin ciddi təhlükə ilə üzləşdiyini bildirib. Onun sözlərinə görə, ölkənin və vətəndaşların taleyi ilə bağlı qərarlar Azərbaycan da daxil olmaqla, digər ölkələr tərəfindən verilir. Akopyan hesab edir ki, parlamentdə baş nazirin impiçmenti prosesini başlatmaq, eyni zamanda, başqa bir baş nazir və böhran hökuməti təyin etmək lazımdır.

“O, biabırçı təslim sənədini imzalayan və xalqı, ölkəni təmsil edə bilməyən məğlub baş nazirdir”, - o deyib.

17 müxalifət partiyası baş nazir Nikol Paşinyan tərəfindən Qarabağla bağlı üçtərəfli bəyanatın imzalanmasına etiraz olaraq 10 noyabrdan bəri İrəvanda mitinqlər keçirir. Müxalifət Paşinyanın istefasını, xilasetmə komitəsinin yaradılmasını və bəyanatın bəzi müddəalarında dəyişiklik edilməsini tələb edir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...