Gürcüstan parlamentinin müxalifət partiyaları qanunverici orqanı boykot etməyi düşünür

Gürcüstan parlamentinin onuncu çağırışının ilk iclası günü müxalifət partiyaları qanunverici orqanı boykot edən rəsmi bəyanat imzalamağı və partiya siyahılarını geri götürməyi düşünür. SİA "Novosti-Georgia"ya istinadən xəbər verir ki, bu barədə "Avropa Gürcüstanı" partiyasının lideri David Bakradze bildirib. 2020-ci il parlament seçkilərinin nəticələrinə görə, hakim "Gürcü Arzusu" partiyası qanunverici orqanda ən çox yer – 90 mandat qazanıb. Qalan 60 yer səkkiz müxalifət partiyası arasında bölüşdürülüb. Həmin partiyaların hamısı 31 oktyabr seçkilərinin nəticələrinin saxtalaşdırıldığına inanır və erkən seçki tələb edirlər. "Parlamentə düşən deputatlar parlamentə daxil olmaqdan imtina aktını imzalayacaqlar. Bundan sonra partiyalar partiya siyahılarını ləğv edəcək və yeni seçkilərlə bağlı bəyanat imzalayacaqlar", - Bakradze belə deyib. O bunun seçkilərin yekun nəticələrinin Gürcüstan MSK tərəfindən ümumiləşdirməsindən və parlamentin ilk iclasının keçiriləcəyi gün elan edildikdən sonra baş verəcəyini bildirib. "Gürcü Arzusu" partiyasından isə təkpartiyalı parlamentdə problem görmədiklərini bildirərək, bəzi müxalifət partiyalarının boykotdan imtina edəcəklərinə ümidlə yanaşdıqlarını qeyd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə