Aİ ölkələri üçün istehsal olunan koronavirusa qarşı vaksinin təxmini qiyməti açıqlanıb

ABŞ-ın “Pfizer” və Almaniyanın “BioNTech” şirkətinin Avropa İttifaqı (Aİ) ölkələri üçün istehsal etdikləri koronavirusa qarşı vaksinin təxmini qiyməti açıqlanıb.

SİA Baltikyanı ölkələrin mətbuatına istinadla xəbər verir ki, İngiltərənin “Reuters” agentliyinin tədarüklərə dair danışıqlarında iştirak etmiş Aİ-nin rəsmisindən əldə etdiyi məlumata görə, 1 doza vaksinin təxmini qiyməti 15,5 avro təşkil edəcək.

Bildirilib ki, Avropa İttifaqı Komissiyasının sədri Ursula von der Leyenin bir müddət öncə verdiyi açıqlamasına əsasən, Aİ-nin satın alma planlarına daxil olan, “Pfizer” və “BioNTech” şirkətlərinin istehsal etdiyi 300 milyon doza vaksinin qiyməti 4,6 milyard avro təşkil edəcək.

Aİ Alman şirkətinin istehsalı olan 405 milyon dozanın tədarükü üçün müqavilə imzalayıb. Tədarüklərin artıq mart ayında başlaya biləcəyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə