Ermənistanın təcavüzkar mövqeyi Cenevrə razılaşmalarının açıq-aşkar pozulmasıdır - Fəxrəddin Altun

Ermənistanın təcavüzkar mövqeyi Cenevrə razılaşmalarının açıq-aşkar pozulmasıdır. SİA-nın məlumatına görə, bunu Türkiyənin Prezident Adminstrasiyasının İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Fəxrəddin Altun Tvitter paylaşımında qeyd edib.

Altun bildirib ki, dünya ictimaiyyəti Azərbaycanın məqsədinin cəbhə xəttində yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək və işğal altındakı ərazilərini azad etmək olduğunu bilməlidir: “Bu prosesdə hər məsuliyyətli dövlətin etdiyi kimi qardaş Azərbaycanın da bütün diplomatik, bərabər və ədalətli cəhdlərini müşahidə edirik. Azərbaycanın beynəlxalq hüquqa hərfi-hərfinə riayət etdiyini açıq şəkildə görürük. Ümid edirik ki, bu gün keçiriləcək BMT Təhlükəsizlik Şurasının iclasında həll yolu üçün zəmin yaranıb”.

F.Altun qeyd edib ki, Türkiyənin bu mövzudakı bütün cəhd və işləri qardaş ölkə Azərbaycanın işğal altındakı torpaqlarını geri qaytarması və beynəlxalq çərçivədə haqqını, hüququnu qorumaq istiqamətində olacaq: “Qlobal güclərə mövzuya ədalətli yanaşma çağırışı edirik. Tərəfdaşlıq etmədən hərəkət etmək və siyasi balansı izləmək uğruna təcavüzkar ilə günahsızı bərabərləşdirmək xətasına qətiyyən yol verilməməlidir. Cənab prezidentimizin liderliyi ilə dövlətimiz bütün qətiyyətilə qardaş və dost Azərbaycanın yanındadır. Beynəlxalq platformada Azərbaycana qarşı ən xırda haqsızlığın qarşısında səsimizi ən gur şəkildə çıxaracağımıza kimsənin şübhəsi olmasın”.

Prezident administrasiyasının rəsmisi Ermənistanın hücumları nəticəsində bu günə qədər dünyasını dəyişən azərbaycanlı şəhidlərə Allahdan rəhmət, yaxınlarına və qardaş Azərbaycan xalqına başsağlığı diləyib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə