Avropa İttifaqının ali komissarı Ketrin Eşton: "Suriyaya qarşı siyasi təzyiqlər artırılacaq" - AÇIQLAMA

Avropa İttifaqının ali komissarı Ketrin Eşton: "Suriyaya qarşı siyasi təzyiqlər artırılacaq" - AÇIQLAMA

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı Ketrin Eşton Suriyaya siyasi təzyiqin artırılacağını bəyan edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Eşton Strasburqda Avropa Parlamentinin plenar sessiyasında çıxışı zamanı daha sərt bəyanatlarla yadda qalıb: "Suriyaya maksimal dərəcədə siyasi təzyiqin göstərilməsində qərarlı olduğuma sizi əmin edirəm. Suriya rəhbərliyi müvafiq addımlar atmasa, Avropa İttifaqı "məhdudlaşdırıcı tədbirləri" genişləndirəcək".

 

Ketrin Eşton həmçinin Avropa İttifaqına üzv 27 ölkənin xarici işlər nazirlərinin may ayında növbəti görüşünün keçiriləcəyini də deyib. Bu görüşdə Suriyadakı vəziyyət də müzakirə olunacaq. Avropa İttifaqı Suriya rəhbərliyini ölkədə zorakılığa son qoymağa, sülh və sabitliyin bərqərar edilməsi üzrə islahatlar aparmağa çağırıb.

 

Qeyd edək ki, bu yaxınlarda Avropa İttifaqının Suriyaya silah satışına embarqo qoyulması və 13 dövlət məmurunun Avropadakı hesablarının dondurulması şəklində sanksiyaları qüvvəyə minib.

Bütün xəbərlər Facebook səhifəmizdə