Aralıq dənizində Türkiyəni yox sayanlar danışıqlara hazırlaşırlar - ƏRDOĞAN

Prezident Rəcəb Tayyib Ərdoğan Aralıq dənizinin şərqində Türkiyəni yox sayıb inadla öz tezislərini, xəritələrini qəbul etdirməyə çalışanlar diplomatiya masasına yaxınlaşdıqlarını deyib. SİA-nın məlumatına görə, Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada Aralıq dənizi və Qara dənizdəki qazma əməliyyatlarını fasiləsiz davam etdirdiklərini söyləyib.

"Kipr və Aralıq dənizinin şərqi məsələsində bir neçə ölkənin maraqlarını qorumaq naminə tarixi həqiqətlərə, beynəlxalq razılaşmalara, adətlərə və görünən həqiqətlərə arxa çevirənlərin dünyaya deyəcəkləri heç bir şey yoxdur", deyə bildirən Ərdoğan əlavə edib: "Bir daha vurğulayıram və təkrar edirəm ki, Kiprdə, Aralıq dənizində, Egeydə və ya mübahisəli yerdə heç kimin haqqına, ləyaqətinə və hüququna əl uzatmırıq. Yalnız öz hüquqlarımıza, qanunlarımıza və nailiyyətlərimizə hörmət edilməsini istəyirik. Bu ölkələrin xalqlarını həqiqətləri öyrənməyə və buna uyğun bir münasibət göstərməyə dəvət edirik. Gərginlik və düşmənçilikdən bəslənən bir ovuc şəxsin ölkələrini siyasi və iqtisadi qazanclar naminə fəlakətə sürükləmələrini istəmirik".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...