"İİR ümid edir ki, TŞ üzvləri ABŞ-ın proseslərdən sui-istifadə cəhdlərini rədd edəcək" - İranlı diplomat

İranın BMT-dəki daimi nümayəndəsi Məcid Taxt-Rəvançi BMT-nin İrana qarşı sanksiyalarının bərpası ilə bağlı ABŞ-ın bəyanatlarına Təhlükəsizlik Şurası üzvləri tərəfindən məhəl qoyulmayacağına ümid etdiyini bildirib.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, ABŞ dövlət katibi Mayk Pompeo BMT-nin İrana qarşı tətbiq etdiyi sanksiyaların yenidən qüvvəyə mindiyini deyib. Pompeo sanksiyaların həyata keçirilməsinə dair “öhdəliklərə” əməl etməyən ölkələrə qarşı yaxın zamanda ABŞ-ın birtərəfli qaydada atacağı əks addımlarla hədələyib.

Buna cavab olaraq İranın BMT-dəki daimi nümayəndəsi təşkilatın baş katibi Antoniu Quterreşə və Təhlükəsizlik Şurasının sədrinə məktub göndərib və Tehranın məlum mövqeyini bir daha xatırladıb. İran 2231 saylı qətnamə çərçivəsində BMT-nin İrana qarşı tətbiq etdiyi sanksiyaların bərpası mexanizmini işə salmaqla bağlı ABŞ-ın cəhdini qanunilik baxımından qəbuledilməz sayır və bunu Vaşinqtonun artıq Birgə Hərtərəfli Fəaliyyət Planının iştirakçısı olmaması ilə əlaqələndirib.

“ABŞ-ın bəyan etdiyi hədəfi Birgə Hərtərəfli Fəaliyyət Planını tamamilə məhv etməkdən ibarətdir. İran İslam Respublikası ümid edir ki, Təhlükəsizlik Şurası üzvləri ABŞ-ın proseslərdən sui-istifadə cəhdlərini bir daha rədd edəcək, Şuranın və BMT-nin etibarını sarsıtmağa imkan verməyəcək”, - deyə iranlı diplomatın məktubunda qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...