ABŞ-dan 300 min immiqrantın deportasiya edilməsinə icazə verildi

ABŞ Federal Apelyasiya Məhkəməsi Prezident Donald Tramp Administrasiyasının “Müvəqqəti Qorunan Status” proqramı çərçivəsində humanitar müdafiəyə son verə biləcəyi və ABŞ-da olan Sudan, Nikaraqua, Haiti və Salvadordan 300 min immiqrantı deportasiya edə biləcəyinə qərar verib. SİA xəbər verir ki, “Müvəqqəti Qorunan Status” proqramı ABŞ-da vətənə qayıtdıqda həddindən artıq çətinliklə üzləşə biləcək insanlara tətbiq olunan humanitar yardım formasıdır.

Bir çox hallarda bunlar silahlı qarşıdurmalar və ya təbii fəlakətlərdən zərər çəkmiş, xüsusi imkanlara malik olmayan ölkələrdir. Proqram bu ölkələrdən olan qeyri-qanuni mühacirlərin ABŞ-da qanuni şəkildə işləməsinə imkan verir. Bir neçə ay əvvəl Tramp Administrasiyası proqramı tənqid edərək bildirib ki, qorunan statusun dəfələrlə artırılması bu sənədin məqsədinə ziddir və müəyyən ölkələrin nümayəndələri üçün müdafiəyə son qoyulmalıdır. Bu qərardan daha sonra ictimai təşkilatlar tərəfindən məhkəməyə şikayət verilib.

ABŞ 9-cu Dairəvi Apelyasiya Məhkəməsinin Kollegiyası, “Müvəqqəti Qorunan Status” proqramına əsasən, Milli Təhlükəsizlik Departamentinin rəhbərinin ölkədəki bəzi hadisələri bu ölkədən gələn mühacirlərə müvəqqəti qorunan status verilməsinə səbəb kimi qəbul etmək üçün tam və mübahisəsiz hüququna sahib olduğuna qərar verib. Qeyd etmək lazımdır ki, bu proqramdan faydalanan bir çox qanunsuz mühacir ABŞ-da 20 ildən çoxdur yaşayır.

Bütün xəbərlər Facebook səhifəmizdə