Somalidə otelə silahlı hücum nəticəsində ölənlərin sayı 10 nəfəri keçib

Somalidə otelə silahlı hücum nəticəsində ölənlərin sayı 10 nəfəri keçib

Somalinin paytaxtı Moqadişuda yerləşən “Elite Hotel”in binasında silahlı qruplaşma üzvləri tərəfindən törədilən silahlı hücum nəticəsində ölənlərin sayı 10 nəfəri keçib.

SİA xəbər verir ki, bu barədə “Somali Guardian” nəşri yerli təhlükəsizlik xidmətinə istinadən məlumat yayıb.

“Al Jazeera” telekanalının məlumatına görə isə, insident zamanı 17 nəfər öldürülüb. Ölənlər arasında iki hökumət işçisi, üç nəfər otelin təhlükəsizlik əməkdaşı, dörd mülki şəxs də var.

Məlumata görə, insident zamanı 30-dan çox insan yaralanıb. Somalinin İnformasiya Nazirliyinin nümayəndəsi İsmael Muxtar Ömər otel binasına hücum edən dörd terrorçuların hamısının xüsusi təyinatlı qüvvələri tərəfindən məhv edildiyini bildirib.

“Somali xüsusi təyinatlı qüvvələri Moqadişudakı “Elite Otel”in binasında dörd saatlıq əməliyyat keçirib və silahlıları son nəfərinə qədər məhv edib”, - deyə nazirlik nümayəndəsi “Twitter” səhifəsində yazıb. O, həmçinin girov götürülmüş 205 nəfərin xilas olunduğunu da əlavə edib.

Qeyd edək ki, terror hücumu otel yaxınlığında partlayıcı qurğu quraşdırılmış avtomaşının partlaması ilə başlayıb. Bunun ardınca silahlı şəxslər otelə giriblər və bir neçə qonağı girov götürərək beşinci mərtəbədə mövqe qurublar. Daha sonra otelə gələn Somali ordusunun elit bölmələrinin əsgərləri ilə terrorçular aralarında güclü atışma olub.

Rəsmi qurumların məlumatına görə, silahlı hücum “Əş-Şabab” terror qruplaşması tərəfindən həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə