Beyrut qana boyandı: TƏCİLİ - 12 ölü, yüzlərlə yaralı

Livanın Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında, Beyrut limanı ərazisində güclü partlayış olub. SİA xəbər verir ki, partlayışın dalğası Livan paytaxtında yaşayış sahələrində də hiss edilib. Bəzi evlərə və ofislərə ziyan dəyib. Onlarla insanın xəsarət aldığı deyilir.

"Reuters" agentliyinin məlumatında isə deyilir ki, partlayış nəticəsində azı 10 nəfər ölüb. Ölənlərin sayının sürətlə çoxalacağı gözlənilir. Partlayışın səbəbləri hələ ki, məlum deyil. Yerli telekanalların bildirdiyinə görə, dəniz limanı ərazisinə raket zərbəsinin endirilməsi istisna deyil. Bəzi mənbələr isə partlayışın pirotexnika anbarında baş verdiyini yazıb.

CNN xəbər verir ki, xeyli sayda insanın xəsarət aldığı partlayışın təsirindən sabiq Baş Nazirin evinə və ətrafdakı evlərə ciddi ziyan dəyib. Bundan başqa, hökumət binasına da ciddi ziyan dəydiyi bildirilir. Ölkənin rəsmi informasiya agentliyi – LANA Beyrut limanında partlayıcı maddələrin saxlanıldığı anbarda yanğın baş verdiyi barədə məlumat yayıb.

Şahidlər ətrafda şiddətli partlayış səslərinin eşidildiyini qeyd ediblər.

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə