60 milyondan çox koronavirus testi keçirilib ABŞ-da

ABŞ-da pandemiyanın əvvəlindən indiyədək 60 milyondan çox koronavirus testi keçirilib. SİA-nın verdiyi məlumata görə, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “Twitter” səhifəsində yazıb.

Donald Tramp Konqresin Nümayəndələr Palatasının komitələrinin birində dinləmələr zamanı nəyə görə Birləşmiş Ştatlarda Avropa ölkələrindən daha çox yoluxma halı qeydə alınır sualına ABŞ Milli Allergik və İnfeksiya Xəstəlikləri İnstitutunun direktoru Entoni Fauçinin cavabına bu şəkildə reaksiya verib. Entoni Fauçi, həmçinin bəzi vətəndaşların infeksiyanın aradan qaldırılması üzrə tətbiq olunan sərt məhdudiyyət tədbirlərini yerinə yetirmədiyini də bildirib.

“O, düz demir. Biz çox sayda test apardığımız üçün digər ölkələrlə müqayisədə daha çox yoluxma halı qeydə alınır”, - deyə prezident bildirib. Onun sözlərinə görə, amerikalı qubernatorların əksəriyyəti koronavirusla mübarizə çərçivəsində xeyli səy göstərib.

Qeyd edək ki, ABŞ-da indiyə qədər 4 milyon 747 mindən çox insan COVID-19 infeksiyasına yoluxub, 157 min 396 xəstə həyatını itirib. Hazırda müalicəsi davam edən 2 milyon 247 minə yaxın xəstədən 18 min 687-nin vəziyyəti ağır qiymətləndirilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə