İrəvan yenə qarışdı - Dostlarımız elə qıcıqlandırıb ki...

Ukraynanın Azərbaycanın mövqeyini rəsmi səviyyədə dəstəkləməsi Ermənistanda qıcıq yaradıb. Daşnaksütyun Partiyasının Gənclik Birliyi Ukraynanın İrəvandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib. SİA-nın məlumatına görə, gənclər Ukrayna Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan sərhədindəki olaylarla bağlı açıqlamasına etiraz edib.

Etirazçılar səfirliyin binasına daş, dəmir əşya və Ukrayna istehsalı olan borş (qablaşdırılmış) atıblar.

Qeyd edək ki, Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan sərhədində yaranmış gərginliklə bağlı rəsmi bəyanat yayıb. Rəsmi Kiyev bəyanatda Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqeləri ələ keçirmək məqsədilə açılan artilleriya atəşlərindən dərin narahatlığını ifadə edir.

Ukrayna hesab edir ki, münaqişə sülh yolu ilə, beynəlxalq hüququn qəbul olunmuş prinsip və normaları, habelə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri əsasında həllini tapmalıdır.

“Ukrayna tərəfi münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında siyasi yolla həll olunmasının tərəfdarıdır”, - deyə bəyanatda qeyd edilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə