Yaponiya hökuməti sağalmış koronavirus xəstələrinin səhhətinin uzunmüddətli araşdırılmasına başlayacaq

Yaponiya hökuməti koronavirusa yoluxmuş xəstələr sağaldıqdan sonra onların səhhətinin uzunmüddətli araşdırılmasına başlamağı planlaşdırır.

SİA xəbər verir ki, bu barədə Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat naziri Kato Katsunobu məlumat verib. Nazir bildirib ki, Yaponiyada və xaricdə qeydə alınan xəstələr sağalaraq xəstəxananı tərk etdikdən sonra onlarda yüksək temperatur, yorğunluq və tənəffüs problemləri müşahidə olunur. Nəfəsalmada və hərəkətlə bağlı yaranan problemlər həmin insanlara normal yaşamağa imkan vermir. Buna görə də hökumət strukturları gələn aydan başlayaraq, belə xəstələrdə koronavirusa yoluxmanın nəticələrinin uzunmüddətli araşdırılmasına başlayacaq.

Araşdırmaya koronavirusa yoluxmuş, lakin müalicədən sonra bu virusa mənfi reaksiya vermiş təqribən 2 min nəfərin cəlb olunacağı bildirilir. Xüsusən ağır simptomlarla əlaqədar oksigen terapiyası keçən yaşı 20 və daha yuxarı olan insanlarda virusun tənəffüs orqanlarına təsiri öyrəniləcək.

Nazirlik, həmçinin xəstəliyin yüngül keçdiyi və müalicədən sonra ağırlaşmaların müşahidə olunmadığı insanlarla bağlı araşdırmalar aparılmasını planlaşdırır.

Qeyd edək ki, son günlər Yaponiyada koronavirusa yoluxanların sayında artım müşahidə olunur. Belə ki, iyulun 11-nə olan məlumata görə, sutka ərzində koronavirusa 413 nəfərin yoluxduğu qeydə alınıb. Bu, aprelin 24-dən bəri ən yüksək göstəricidir. Ümumiyyətlə, indiyədək Yaponiyada 21 min 893 nəfərin həmin virusa yoluxduğu və onlardan 995 nəfərin həyatını itirdiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə