Tokioda qubernator seçkilərində indiki qubernator Koike Yuriko inamlı qələbə qazanıb

Yaponiya paytaxtının qubernatoru seçkilərində indiki qubernator Koike Yuriko inamlı qələbə qazanıb.

SİA seçki komissiyasına istinadla xəbər verir ki, seçkilərin nəticələrinə görə Koike Yuriko 3 milyon 660 min (59,7 faiz) seçicinin səsini qazanıb.

Bildirilir ki, səsvermənin nəticələrinə görə ikinci yeri Yaponiya Vəkillər Federasiyasının sabiq rəhbəri Kenci Utsunomiya tutub. Onun namizədliyini 844 min (13,8 faiz) seçici dəstəkləyib. Üçüncü yerdə isə 657 min və ya 10,7 faiz səslə “Reyva Shinsen Qumi” partiyasının sədri Taro Yamamoto qərarlaşıb. Bu namizəd öz seçki platformasında keçirilmə vaxtı 2021-ci ilə dəyişdirilmiş Olimpiya və Paralimpiya Oyunlarının ləğvinə çağırırdı.

Seçki komissiyasından bildirilib ki, bu seçkilərdə seçicilərin 55 faizi iştirak edib. Yaponiya paytaxtında koronavirus pandemiyası ilə əlaqədar mürəkkəb vəziyyətə baxmayaraq seçicilərin sayı 2016-cı il seçkilərində olduğundan cəmi 4,73 bənd aşağı olub.

İyulun 6-da jurnalistlərlə görüşən K.Yuriko deyib: “Göstərilən dəstəyə görə hamıya minnətdarlığımı bildirirəm. Tutduğum vəzifədə bundan sonra da ilk növbədə sakinlərin həyatına və sağlamlığına xüsusi diqqət ayıracağam. Bu, indiki halda koronavirusun yayılmasına qarşı mübarizəni ön plana çəkir. Bundan əlavə biz iqtisadi inkişaf barədə də düşünməliyik, çünki Tokio ölkənin iqtisadi mərkəzi hesab edilir”.

Gün ərzində xanım qubernatorun Baş Nazir Şinzo Abe ilə görüşəcəyi və koronavirusla mübarizə, həmçinin Olimpiya və Paralimpiya Oyunlarına hazırlıq məsələlərini müzakirə edəcəyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...