Koronavirus ispaniya sakinlərində zəifgörmə yaradıb

İspaniya sakinlərinin yarıdan çoxu karantindən sonra zəif görməyə başlayıblar. SİA xəbər verir ki, bu barədə məlumatı yayan İspaniyanın “La Sexta” telekanalı “Görmə və həyat” İctimai Fayda Assosiasiyası tərəfindən aparılan tədqiqatın göstəricilərindən misal çəkib.

Tədqiqat iki cür informasiya təqdim edib: təqribən 500 nəfər arasında aparılmış sosioloji sorğunun nəticələri və İspaniyanın müxtəlif tibb müəssisələrində mayın əvvəlindən təxminən 2 min nəfər üzərində aparılan yoxlamaların real göstəriciləri.

Hesabatın nəticələrinə uyğun olaraq, hər beş sakindən üçü (60,2 faiz) karantin müddətində öz görmə qabiliyyətlərini həddən artıq yükləyiblər. Başağrısı, bulanıq görmə və gözlərdə quruluq ən çox rast gəlinən simptomlardır. Respondentlərin 54,2 faizi görmə qabiliyyətlərini bu yay yoxlayacaqlarını bildiriblər.

Aparılan yoxlamalar göstərib ki, vətəndaşların 57,4 faizinin görmə qabiliyyəti həqiqətən zəifləyib.

Həmçinin hər 10 yeniyetmədən (12-19 yaş) altısında görmə qabiliyyəti azalıb, hər 10 nəfərdən biri eynəkdən (7,7 faiz) və ya linzadan (2,4 faiz) istifadə etməyə başlayıb.

40 yaşdan yuxarı böyüklərə gəlincə isə, onların təqribən yarısının (47,2 faiz) görmə qabiliyyəti zəifləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...