ABŞ iki aviadaşıyıcı gəmisini ÇXR-in hərbi təlimlər keçdiyi adaların yaxınlığına göndərir

ABŞ özünün iki aviasiya daşıyıcı gəmisini ÇXR-in hərbi təlimlər keçdiyi mübahisəli Cənubi Çin dənizi adaları yaxınlığına göndərir.

SİA xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Məlumata görə, “Nimitz” və “Ronald Reagan” gəmiləri Cənubi Çin dənizində “son illərdə ən genişmiqyaslı” təlimlərin icrasında iştirak edəcək.

“Məqsəd tərəfdaşlarımıza və müttəfiqlərimizə regional təhlükəsizlik və sabitliyə sadiq olduğumuzu açıq şəkildə göstərməkdir”, - deyə qəzet ABŞ Hərbi-Dəniz Qüvvələrinin (HDQ) zərbə qrupunun komandanı kontr-admiral Corc Uikoffdan sitat gətirib. Bildirilir ki, təlim çərçivəsində gəmilərdə yerləşdirilən təyyarələrin döyüş qabiliyyətini yoxlamaq üçün uçuşlar həyata keçiriləcək.

Bununla belə, Uikoff ABŞ təlimlərinin məhz harada keçiriləcəyinə dair fikir bildirməyib. Ancaq əlavə edib ki, bu, Çin manevrlərinə cavab tədbiri deyil. Eyni zamanda, vurğulayıb ki, Çinin təlimləri ABŞ donanmasının bu regionda iştirakını labüd edir.

Qeyd edək ki, bundan bir müddət əvvəl ABŞ dövlət katibi Mayk Pompeo mübahisəli Cənubi Çin dənizi adalarında ÇXR-in təlimlər keçirməsinin fövqəladə təxribat xarakteri daşıdığını bəyan etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...