Dünya rəhbərlərinin bin Laden sevinci

Dünya rəhbərlərinin bin Laden sevinci

Dünya rəhbərləri Üsamə bin Ladenin Pakistanda keçirilən xüsusi əməliyyat nəticəsində zərərsizləşdirilməsini müsbət qarşılayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Əfqanıstan prezidenti Həmid Kərzai "Əl-Qaidə" lideri Usəma Bin Ladenin öldürülməsinin terrorçuluq fəaliyyətinin sonu olacağına ümid etdiyini deyib. Onun sözlərinə görə, Bin Ladenin Pakistanda öldürülməsi döyüşçülərə qarşı mübarizənin Əfqanıstanda deyil, məhz qonşu Pakistanda mərkəzləşdirilməli olduğunu sübut edir.

 

Böyük Britaniyanın baş naziri Devid Kameron isə Pakistanda Üsamə Bin Ladenin öldürülməsi bütün dünyaya böyük rahatlıq gətirəcək deyə bəyan edib. Onun sözlərinə görə, Bin Ladenin qurbanlarını yada salmaq və bəşəriyyəti terrordan qoruyanlara təşəkkür etmək vaxtı gəlib çatıb: "Onun tapılması və bütün dünyada artıq öz terrorçu fəaliyyətini həyata keçirə bilməyəcəyi böyük uğurdur".

 

İsrailin baş naziri Benyamin Netanyahu da Amerika Birləşmiş Ştatlarını Usama Bin Ladenin öldürüldüyü uğurlu əməliyyatla əlaqədar təbrik edib.

 

Qeyd edək ki, Amerika xüsusi xidmət orqanları Pakistanda xüsusi əməliyyat zamanı "Əl-Qaidə" lideri Üsamə Bin Ladenlə yanaşı, onun oğlunun da öldürüldüyü barədə məlumat yayıb. Məlumatı Barak Obama deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə