Misir Prezidenti Liviyaya mümkün birbaşa müdaxilənin legitim olacağını bəyan edib

Misir Prezidenti Liviyaya mümkün birbaşa müdaxilənin legitim olacağını bəyan edib

Misir Prezidenti Əbdülfəttah əl-Sisi İsgəndəriyyə şəhərinin qərbində - Liviya sərhədində yerləşən Sidi-Bərani hərbi bazasında çıxışında bəyan edib ki, onun ölkəsinin Liviyaya mümkün birbaşa müdaxiləsi tamamilə legitim olacaq. O, bunu qonşu ölkədə qırğının dayandırılması və sərhədlərin təhlükəsizliyinin təmin edilməsi ilə izah edib. “Bu müdaxilə hüququ Misirin sərhədlərinin terrorçulardan mühafizəsi, habelə liviyalı qardaşlarımızın təhlükəsizlyinin qorunması, Liviyanın şərqində və qərbində qan tökülməsinə son qoyulması, BMT-nin himayəsi altında sülh prosesinə başlanılmasına əsaslanır”, - deyə əl-Sisi vurğulayıb.

07xəbər verir ki, hərbi bazada qoşun hissələrinə baxış keçirən Misir Prezidenti Qahirənin Liviya Milli Ordusunun nəzarəti altında olan Sirt və əl-Cufra yaşayış məntəqələrinin Liviya razılıq hökumətinin qoşunları tərəfindən ələ keçirilməsinə icazə verməyəcəyini bəyan edib. O, bu strateji məntəqələri Misirin təhlükəsizliyi üçün “qırmızı xətt” adlandırıb. Prezidenti əl-Sisi əlavə edib ki, Misir Liviyanın ərazi bütövlüyünün təmin edilməsinə böyük əhəmiyyət verir və bu səbəbdən Qahirə Bəyannaməsi adlanan sülh planını təklif edib.

Misir Prezidenti dünyanın doqquzuncu güclü ordusuna malik olan ölkəsinin Liviya ilə 1200 kilometrlik sərhədləri terrorçu qruplaşmalardan qorumağa qadir olduğunu vurğulayıb. O, Silahlı Qüvvələri ölkənin hüdudlarından kənarda döyüş tapşırıqlarını yerinə yetirməyə hazır olmağa çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə