Misir prezidentliyə namizədlər Kemp-Devid razılaşmasının yenidən işlənməsini istəyir

Misir prezidentliyə namizədlər Kemp-Devid razılaşmasının yenidən işlənməsini istəyir

Misir ilə İsrail arasında 1979-cu ildə imzalanan Kemp-Devid razılaşması köhnəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu sözləri Misir prezidentliyə namizdələrdən biri, Ərəb Liqasının baş katibi Əmir Musa deyib.

 

Misirdə ingilis dilində nəşr olunan yarım-rəsmi "The Egyptian Gazette"nin xəbərinə görə, Ə.Musa həmin dövrün prezidenti Ənvər Sədat ilə İsrail baş naziri Menahem Begin arasında imzalanan razılaşmanın uğurlu olmadığını bildirib. Prezidentliyə namizəd İsrailə "Qərbi Şeriada inşaat işlərini dayandır, Qəzza daxil olmaqla 1967-ci ildə ərəb-İsrail müharibəsi öncəsi sərhədlərinə geri çəkil və müstəqil bir Fələstin dövlətini tanı" çağırışı edib.

 

Kemp-Devid razılaşması ilə bağlı bu cür fikirlər ilk dəfə deyil ki səslənir. Misir prezidentliyə namizədlərindən olan Hişam Bestavisi də sözügedən razılaşmanın yenidən işlənməsinin vacib olduğunu bildirib. Müxalifdəki Sabah Partiyasının lideri Eymen Nur da 2 ay əvvəl Misir radiosuna verdiyi açıqlamasında razılaşmanın şərtlərinin yenidən müzakirə edilməsinin lazım olduğunu qeyd etmişdi. 1978-ci ildə ABŞ prezidenti Cimmi Karterin vasitəçiliyi ilə imzalanan razılaşmaya görə, İsrail 1967-ci ildən işğal altında saxladığı Sina yarımadasından çəkilib. Bunun əvəzində isə Misir İsraili tanıyaraq Sinanın hərbsizləşdirilmiş bölgə olması ilə razılaşıb. 1980-ci ildən isə iki ölkə arasında diplomatik əlaqələr yaradılıb.

 

Qeyd edək ki, Kemp-Devid razılaşması əsasında ABŞ hər iki ölkəyə geniş diametrli hərbi və iqtisadi yartdımlar edir. Nəzərinizə çatdıraq ki, ABŞ-ın İsrailə köməyi yalnız verilən 3 milyard dollarlıq çeklə məhdudlaşmır. İsrail bundan əlavə hər il ABŞ xəzinəsindən təxminən 10 milyard dollarlıq kredit istifadə etmə haqqına sahibdir. Bundan əlavə Vaşinqton hərbi və texnologiya sahələrində İsrailə geniş imkanlar təqdim edir.

Bütün xəbərlər Facebook səhifəmizdə