“Azərbaycanın hərbi əməliyyatlara başlamaması üçün addım atmalıyıq” Baqram Balayan

“Azərbaycanın hərbi əməliyyatlara başlamaması üçün addım atmalıyıq”  Baqram Balayan

"Avropa Parlamenti deputatlarının bəyanatı hərbi əməliyyatların başlaması üçün münbit zəmin yaradır və biz Azərbaycanı dayandırmaq üçün addım atmalıyıq". SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri qondarma "Dağlıq Qarabağ respublikası"nın "parlamentinin xarici əlaqələr daimi komitəsinin sədri Baqram Balayan deyib.

Məlumatda bildirilir ki, B.Balayan bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin və Avropa Parlamentinin üç millət vəkilinin Dağlıq Qarabağı Ermənistanla birləşdirən yolun inşası ilə bağlı anti-erməni bəyanatlarını şərh edərkən səsləndirib.

“Artıq 2016-cı ilin aprelində olduğu kimi, hərbi əməliyyatların yenidən başlaması üçün müəyyən şərait yaradılır”, deyə Baqram Balayan həyəcan təbili çalıb.

Vahram Balayan əlavə edib ki, erməni diplomatiyası qeyri-sabit vəziyyətin qarşısını alaraq, Azərbaycanın hərəkətlərinin qarşısını almaq üçün addımlar atmalıdır. “Yadınızdadırsa, 2016-cı il aprel hadisələri ərəfəsində Militsa Markoviçin “Sərsəng” su anbarı ilə əlaqəli bədnam qərarı var idi və bu Azərbaycanın hərbi hərəkətlərə başlamasına şərait yaratdı. Bu cür addımlar və bu vəziyyətdə Avropa Parlamenti deputatlarının bəyanatı Azərbaycan üçün hərbi əməliyyatlar üçün münbit zəmin yaradır", deyə Baqram Balayan qorxu və həyəcanını gizlədə bilməyib.

Baqram Balayanın sözlərinə görə, bu bəyənat həm də erməni diplomatiyasının səhlənkarlığının nəticəsidir və Azərbaycan tərəfindən addımların atılmasını gözləməməli, onları dayandırmalıyıq. O, bu məsələyə təkcə Ermənistan Respublikası Milli Məclisinin müvafiq komissiyasının, nümayəndə heyətinin deyil, ümumilikdə diplomatiyanın da baxılması lazım olduğunu vurğulayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə